Elnur Allahverdiyev: İstəyirəm ki, yaxşı müdafiəsi ilə tanınan komanda olaq
30.09.2010 - 12:35
Elnur Allahverdiyev: İstəyirəm ki, yaxşı müdafiəsi ilə tanınan komanda olaq
“Biz çempionluq uğrunda mübarizə aparırıq. Növbəti görüşdə də məqsədimiz ancaq qələbə qazanmaqdır. Evdə və ya səfərdə oynamağımızın heç bir fərqi yoxdur”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran” klubunun müdafiəçisi Elnur Allahverdiyev deyib.

Ötən tur “Neftçi”ni məğlub edib, turnir cədvəlinin zirvəsinə yüksələn “Xəzər Lənkəran” şənbə günü “Bakı” ilə qarşılaşacaq. Təbii ki, liderliyi qorumaq niyyətində olan əyalət təmsilçisi qələbə qazanmaq haqda düşünür. Rəqibin güclü komanda olduğunu deyən “ağ-yaşıllar”ın müdafiəçisi bu dəfə qələbə qazanaraq azarkeşlərə ötən ilki məğlubiyyətin acısını unutdurmaq istədiklərini bildirib: “Həm çempionatın sonuncu turunda, həm də kubokun finalında “Bakı”ya məğlub olan “Xəzər Lənkəran”ın azarkeşləri üzülüb. Futbolda belə şeylər olur. Heç kim uduzmaq istəmir. Komandalar arasında prinsipiallıq olmalıdır. Ancaq biz dünənlə yaşamırıq. Sadəcə, qələbə qazanıb, həm zirvədəki yerimizi qorumaq, həm də azarkeşlərə ötən ilki məğlubiyyətin acısını unutdurmaq istəyirik”.

Unibank Premyer Liqasının ilk 7 turunda qapısından qol buraxmayan “Xəzər Lənkəran” bu yarışda qapısını toxunulmaz saxlayan yeganə komandadır. Ancaq Abdullayev bunu tək müdafiəçilərin yox, bütün komandanın uğuru hesab edir: “Bu bütün komandanın əməyinin bəhrəsidir. Baş məşqçinin əziyyətini itirmək olmaz. Hamımız komandanın qarşısına qoyulan məqsədi dərk edirik. İstəyirəm ki, yaxşı müdafiəsi ilə tanınan komanda olaq”.