Arif Əsədov: AZAL-la matçın hazırlığında belə imkanımız olmadı
30.09.2010 - 13:35
Arif Əsədov: AZAL-la matçın hazırlığında belə imkanımız olmadı
“Deməzdim ki, Lənkərandakı məğlubiyyətdən sonra komandamızda psixoloji gərginlik var. Sadəcə, üzücü hisslər oldu və artıq bunu unudub, növbəti oyunumuza köklənmişik. Bilirik ki, sabah bizi növbəti çətin sınaq gözləyir”. Bu fikirləri apasport.az saytına açıqlamasında Bakının “Neftçi” klubunun baş məşqçisi Arif Əsədov deyib.

Unibank Premyer Liqasının ötən turunda “Xəzər Lənkəran”la səfərdə keçirilən derbi oyunda 0:1 hesabı ilə uduzan “ağ-qaralar” sabah Tofiq Bəhramov adına Respublika stadionunda AZAL-la qarşılaşmaya çıxacaq. İş elə gətirdi ki, “Neftçi” ən yazın izləyicisi ilə görüşə yalnız bir gün tam heyətlə hazırlıq keçə biləcək. Əsədov tam heyətlə qısa müddət hazırlaşmağın problem yaratdığını gizlətmir: “Bildiyiniz kimi, futbolçularımız bu həftənin əvvəlindən milli komandamızın toplanışına getdi. Əlbəttə, hər bir məşqçi istər ki, əlinin altında bütün futbolçuları olsun. Bu zaman birgə bərpa prosesi keçib, hamılıqla məşqlərə başlayırsan. Bu olmayanda isə nəsə etmək çətindir. AZAL-la matçın hazırlığında belə imkanımız olmadı. Ancaq bununla belə, oyuna ciddi hazırlaşırıq”.

“Neftçi” sabah qalib gələcəyi halda, yenidən zirvəyə qayıdacaq. Ancaq hazırkı lider “Xəzər Lənkəran”ın “Bakı” ilə şənbə günü görüşəcəyini nəzərə alsaq, son nəticə üçün Lənkərandakı oyunu gözləmək lazım gələcək. “Xəzər Lənkəran”ın xal itirməsinin mümkünlüyü ilə razılaşan Əsədov öz oyunlarına diqqət yetirdiklərini bildirib: “Hələlik öz matçımız haqda fikirləşirik. Onu nəzərə alaq ki, “Xəzər Lənkəran” bizdən bir gün sonra oynayacaq və deməli, sabah bütün diqqətimizi AZAL-la görüşə yönəldəcəyik. Başa düşürük ki, liderlik mövqeyimizi itirmişik və onu tezliklə qaytarmaq istəyirik. Fikrimcə, AZAL üzərində qələbə bu yöndə dönüş nöqtəsi olacaq”.

Yığmamızın oyunları ilə əlaqədar Premyer Liqamızda yaranacaq iki həftəlik fasiləyə lider kimi yollanmaq istəyən “Neftçi”nin çalışdırıcısı bunun üçün yaxşı tanıdığı həmkarını yenməlidir. Əsədov AZAL-ın cari mövsümdə inamlı çıxışında vaxtilə bir yerdə oynadığı, sonradan baş məşqçisi olan Süleymanovun rolunu qeyd edir: “Sözsüz ki, rəqibimizin uğurlu çıxışında Nazim müəllimin rolunun olması hiss olunur. AZAL yaxşı balanslaşmış komandadır. Əsasən müdafiə xətti daha etibarlıdır. Süleymanovla 90 dəqiqə rəqib olacağıq. Ancaq futboldan kənarda dostuq, dost kimi də qalacağıq”.

Qeyd edək ki, yığmamızın baş məşqçisi Berti Foqts Bakıda 3 günlük təlim-məşq toplanışına “Neftçi”dən 6 futbolçu - Ruslan Abışov, Rail Məlikov, Amit Quluzadə, Cavid Hüseynov, Araz Abdullayev və Fərid Quliyevi çağırmışdı.

Mehman SÜLEYMANOV
0