“Onlar “Çelsi”nin qapıçısını da Azərbaycanla oyuna çağırıblar”
30.09.2010 - 14:11
“Onlar “Çelsi”nin qapıçısını da Azərbaycanla oyuna çağırıblar”
Rusiyanın Krımsk şəhərində təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Təbriz Həsənov AFFA-nın rəsmi internet saytına müsahibə verib. Apasport.az-ın məlumatına görə, 43 yaşlı mütəxəssis toplanış, həmçinin digər məsələlərlə bağlı fikirlərini açıqlayıb.

- Bakıdakı hazırlıq prosesi neçə keçdi?
- Komanda sentyabrın 20-dən 27-nə qədər Şağan Olimpiya Kompleksində təlim-məşq toplanışına yığışdı. Əvvəlcədən planlaşdırdığımız kimi, iki yoxlama oyunu keçirdik. Əvvəlcə 1-ci liqada mübarizə aparan “Sumayıt”la üz-üzə gəldik və 3:0 hesabı ilə qələbə qazandıq. “Neftçi”nin 19 yaşadək futbolçulardan ibarət komandası ilə oyundan isə 3:3 hesablı bərabərliklə ayrıldıq. Bakıdakı təlim-məşq toplanışında əsas vəzifəmiz heyəti formalaşdırmaq və yığmaya cəlb olunmuş yeni futbolçuları yoxlamaq idi. Rusiya millisinin həm fiziki, həm də taktiki cəhətdən güclü olduğunu nəzərə alaraq, keçirdiyimiz yoxlama oyunlarında yaşca bizdən böyük kollektivlərlə oynadıq.

- Fevralda Rusiyanın U-16 yığması ilə Bakıda iki yoxlama oyunu keçirmisiniz. Ötən dövr ərzində millidə hansı dəyişikliklər olub?
- Həmin oyunların birində 0:2 hesabı ilə məğlub olduq. Digər oyun isə 1:1 hesabı ilə başa çatmışdı. O dövrlə müqayisədə komandada kifayət qədər dəyişiklik olub. Həmin heyətdən təxminən 3-4 futbolçu hazırda bizimlədir.

- Rusiyanın 16 yaşadək futbolçulardan ibarət millisinin baş məşqçisi Andrey Talalayev mətbuata açıqlamasında heyətə yeni futbolçular dəvət etdiyini deyib…
- Rusiya millisinin oyunlarını internet vasitəsilə izləyirəm. Talalayevin yetirmələri bu il türkiyəli həmyaşıdları ilə 4 yoxlama oyununda üz-üzə gəliblər və yalnız bir görüşdə məğlub olublar. Bundan başqa, həmin komanda beynəlxalq turnirdə Moldova, Belarus və Latviyadan olan həmyaşıdları ilə qarşılaşıb və bütün oyunlarda meydanı qələbə ilə tərk ediblər. Rusiya yığması heyət baxımından da xeyli güclənib. Hətta “Çelsi”nin oyunçusu olan qapıçını da heyətə cəlb ediblər. Dediyim kimi, bizim komandada da xeyli dəyişiklik var. Rusiya klublarında çıxış edən 6 futbolçu hazırda bizimlədir.

- Bu komanda gələn il U-17-nin əsasını təşkil edəcək. Hazırkı heyətdən neçə futbolçunun U-17-də çıxış edəcək səviyyədə olduğunu düşünürsünüz?
- 17 yaşadək futbolçulardan ibarət yığmanın məşqçilər korpusu bizim komandadan 4 futbolçunu bəyənmiş və onları Almaniyada keçirilən təlim-məşq toplanışına dəvət etmişdilər. Düşünürəm ki, 17 yaşadək futbolçular arasında Portuqaliyada keçiriləcək Avropa çempionatının seçmə mərhələ oyunlarında bu komandadan daha çox futbolçu U-17-yə cəlb olunacaq.