Rasim Kara: Onunla “Əskişəhərspor”da işləmək istərdim
30.09.2010 - 15:29
Rasim Kara: Onunla “Əskişəhərspor”da işləmək istərdim
“Əskişəhərspor” variantı ilə bağlı hələlik dəqiq bir şey yoxdur. Mənə bu komandadan rəsmi təklif gəlməyib”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran” klubunun sabiq baş məşqçisi Rasim Kara deyib.

2008-ci ildə Lənkəran təmsilçisindən ayrıldıqdan sonra işsiz olan təcrübəli mütəxəssisin “Əskişəhərspor”un sükanı arxasına gətiriləcəyi gözlənilir. Karanın əslən Əskişəhərdən olması da şanslarını artırır. Təsadüfi deyil ki, türkiyəli həmkarlarımız məhz onunla bağlı seçim ediləcəyinə proqnoz verib.

Üstəlik, Karanın təyinatı reallaşarsa, bu komandada hələ debüt etməyən yığmamızın kapitanı Rəşad Sadıqovun da işi asanlaşacaq. Hər halda, Kara yaxşı tanıdığı Rəşadı vaxtilə “Xəzər Lənkəran”a gətirmək istəyirdi: “Rəşadın yenidən Türkiyəyə gəlişinə sevindim. Əlbəttə, onunla “Əskişəhərspor”da işləmək istərdim. O, sevdiyim futbolçulardandır. Ancaq bilirsiniz, təklif olmadan danışmağım doğru olmaz. Hər halda, mən əskişəhərliyəm. Dəqiq bir şey olandan geniş danışarıq”.

Mehman SÜLEYMANOV
0