“Futbolçulara normal yemək vermirdilər”
01.10.2010 - 11:02
“Futbolçulara normal yemək vermirdilər”
“Karvan”la müqavilə imzaladıqdan sonra bizə qarşı hörmətsizliklər başladı. Təsəvvür edin, mən rayona getmək üçün baş aşbazdan icazə almalı idim”. Bu sözləri apasport.az saytına açıqlamasında “Karvan” klubunun sabiq baş məşqçisi Əli Quliyev deyib.

Yayda Vidadi Rzayevi komandanın baş məşqçisi təyin edən “Karvan” rəhbərliyi cəmi bir neçə gündən sonra sürprizlə qarşılaşıb. Belə ki, Rzayev təyinatının 1 ayı tamam olmamış komandada işləmək istəmədiyini bildirdikdən sonra Yevlax təmsilçisi seçimini “ABN Bərdə”nin sabiq baş məşqçisi Əli Quliyevin xeyrinə edib. Ancaq onun “Karvan”dakı fəaliyyətinin ömrü elə də uzun olmayıb: “Heyəti klubun prezidenti Şahmar Vəliyev formalaşdırırdı. O, siyahı təqdim edirdi ki, bu 11 nəfər meydana çıxacaq. Hətta kimin əvəzedilmədən meydana daxil olacağını da qeyd edirdi. Belə işləmək olar? Onda baş məşqçini neynirdi ki? Özü oturub baş məşqçilik etsin də”.

Klub rəhbərliyinin futbolçulara qarşı aqressiv olduğunu deyən Quliyev müqaviləsi olan futbolçunun pula həsrət qaldığını bildirib: “Komandaya qapıçı kimi Elxan Ağayevi dəvət etmişdik. “Neftçi” İSM-lə oyundan sonra Şahmar Vəliyev onu komandadan qovmağımı söylədi. Dedim, onun müqaviləsi var, birinci oyundan sonra futbolçunu necə qovmaq olar? Elxan Kür çayının qırağına gedib ağlayır, ürəyini boşaldırdı. İndi qəpik üzünə həsrətdir. Onlara heç normal yemək də vermirdilər. Duru yağla yemək bişirmək olar? Borşu duru yağla bişirirdilər. Aşpaza deyirdim ki, yeməyə heç olmasa bir tikə ət atın”.

Sonda maaşlar barədə danışan sabiq baş məşqçi müqavilə əsasında almalı olduqları pulun yarısını aldıqlarını qeyd edib: “Hər oyunçuya 400 manat maaş veriləcəyi barədə razılaşmışdıq. Dünən gətirib adama 200 manat pul verir. Belə şəraitdə işləmək olar? Mən də dünən əşyalarımı yığdım və Yevlaxı tərk etdim”.