Devran Ayhan: Bunlar baş məşqçinin beynini qarışdırır
01.10.2010 - 13:12
Devran Ayhan: Bunlar baş məşqçinin beynini qarışdırır
“Oynamamağımın səbəbini baş məşqçidən xəbər almaq lazımdır. Görünür, hələ tam hazır deyiləm ki, oynamaq şansı vermir”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ” klubunun futbolçusu Devran Ayhan deyib.

Ağdam təmsilçisi “transfer pəncərəsi”nin bağlanmasına az qalmış türkiyəli futbolçunu heyətinə qatsa da, hələlik ona oynamaq şansı yaradılmayıb. İlk vaxtlar yarımmüdafiəçi bunu hazır olmaması ilə izah edirdi. Lakin transferdən 1 aydan da artıq vaxt keçib. Hazırlığın qaydasında olduğunu qeyd edən Ayhan komandanın zəif çıxışının səbəbi barədə də danışıb: “Bəli, komandada eniş var. Avropa Liqasının yorğunluğu, ardınca əksər oyunçularımızın tez-tez millinin düşərgəsinə yollanmasının da təsiri var. Təbii ki, bunlar baş məşqçinin beynini qarışdırır. Ancaq yaxşı olacağını düşünürəm. Çünki “Qarabağ” yaxşı futbolçulardan qurulub”.

Sabah Premyer Liqanın VIII turu çərçivəsində “Turan”la qarşılaşacaq Ağdam təmsilçisi Qazaxa yola düşüb. Tovuzda baş tutacaq oyunla bağlı fikirlərini açıqlayan türkiyəli legioner ancaq qələbə haqda düşündüklərini deyib: “Turan”ın baş məşqçisi istefa verib. Ancaq bunun bizim üçün heç bir fərqi yoxdur. 3 xal qazanmalı və “qara zolaq”dan çıxmalıyıq”.