“Ola bilsin ki, “İnter” üzərindəki qələbədən sonra futbolçularda müəyyən arxayınçılıq yaransın”
01.10.2010 - 23:00
“Ola bilsin ki, “İnter” üzərindəki qələbədən sonra futbolçularda müəyyən arxayınçılıq yaransın”
“MOİK gənclərdən qurulan komandadır. Həvəslə oynayırlar, 90 dəqiqə sonacan mübarizə aparırlar. Bizə qarşı da əzmkar oyun nümayiş etdirəcəklər”. Bu sözləri apasport.az saytına açıqlamasında “Gəncə” klubunun futbolçusu Ceyhun Sultanov deyib.

Ötən tur doğma meydanda son çempion “İnter”i məğlub edən Gəncənin eyniadlı komandası ardıcıl ikinci qələbəsini qazanmaq niyyətindədir. Komandanın təcrübəli futbolçusu ilk “altılığ”a vəsiqə qazanmaq istədiklərini və bu yolda irəlilədiklərini bildirib: “Əgər ilk “altılığ”a düşmək istəyiriksə, MOİK kimi komandalarla görüşdə xal itirməməliyik. Komandada əhval ruhiyyə yaxşıdır. Bakıya qələbə dalınca gəlirik”.

Təcrübəli yarımmüdafiəçini narahat edən əsas məsələ isə komanda üzvlərinin rəqibə ciddi yanaşıb-yanaşmamasıdır: “Ola bilsin ki, “İnter” üzərindəki qələbədən sonra futbolçularda müəyyən arxayınçılıq yaransın. Yəni, onsuz da MOİK-dir, necə olsa qələbə qazanacağıq düşüncəsində olmamalıdırlar. Çünki zəif rəqib yoxdur. İstənilən komanda biri-birindən xal almaq iqtidarındadır. Bu barədə oyundan 2-3 saat əvvəl söhbət edəcəyik. Arxayın olmamalıyıq. Əks təqdirdə, arzuolunmaz nəticə ilə üzləşərik”.