Mahmud Qurbanov: Provokasiyaya getməyəcəyik
01.10.2010 - 23:02
Mahmud Qurbanov: Provokasiyaya getməyəcəyik
“Lənkəranlı azarkeşləri yaxşı tanıyırıq. Onlar futbolu sevən insanlardır”. Bu sözləri apasport.az saytəna açıqlamasında “Bakı” klubunun ən təcrübəli futbolçusu olan Mahmud Qurbanov deyib.

Paytaxt təmsilçisi ötən ilki oyunları hələ unutmayıb. “Xəzər Lənkəran”ı həm çempionluqdan, həm də kubokdan edən “Bakı” təbii ki, cənub bölgəsində azarkeşlərin təzyiqi ilə üzləşəcəyini bilir. Çünki “ağ-yaşılların” fanatları ötən mövsüm baş verənləri hələ unutmayıb. Ancaq təcrübəli yarımmüdafiəçi hansısa provokasiyaya getməyəcəklərini, fanatların onları qıcıqlandıracaq şüarlarına hörmətlə yanaşacağını bildirib: “Son oyunda “Neftçi”ni udublar və bir qədər həvəsləniblər. Oyun zamanı heç bir provokasiyaya getməməyə çalışacağıq. İstənilən halda, azarkeşlərə hörmətlə yanaşmaq lazımdır. Çünki biz futbolu onlar üçün oynayırıq. Yəni oyun zamanı başqa şey haqda düşünmək lazım deyil. Yaxşı nəticə qazanmalıyıq”.

Oyunla bağlı heç bir proqnoz vermək istəməyən Qurbanov stadiona təşrif buyuracaq azarkeşlərin maraqlı mübarizənin şahidi olacağına inanır: “Maraqlı oyun olacaq. Çünki ötən mövsüm onları həm çempionluqdan, həm də kubokdan məhrum etdik. Yəqin onlar bunun əvəzini çıxmağa çalışacaqlar”.