Azərbaycan çempionunun qardaşı stadionda qalmaqal saldı
01.10.2010 - 17:09
Azərbaycan çempionunun qardaşı stadionda qalmaqal saldı
Avropa Liqasının qrup mərhələsinin II turu qalmaqalla əlamətdar olub. Apasport.az saytının məlumatına görə, Rumıniyanın paytaxtı Buxarestdə keçirilən “Styaua” – “Napoli” görüşündə xoşagəlməz hadisələr qeydə alınıb.

İlk 16 dəqiqədə rəqib qapısına 3 cavabsız qol vuran yerli komandanın azarkeşləri matçın 3:3 hesabı ilə bitməsində matçın polşalı baş hakimini günahlandırıblar. Onlar Marçin Borksın idarəçiliyinə etiraz əlaməti olaraq, Polşa səfirliyinə yollanıb və binanın qarşısına bu ölkənin istehsalı olan sosiskalar düzüblər.

Bu ərzaq növünün seçilməsi isə məhz hakimin qərarı ilə bağlıdır. Çünki azarkeşlərin əsas narazılığı matçın vaxtının sosiska kimi uzadılması olub. İkinci hissəyə 4 dəqiqə əlavə edən Borks futbolçuları heç bir əsası olmadan bundan ikiqat artıq oynamağa məcbur edib. Səkkiz dəqiqə əlavə edilən ikinci hissənin son saniyələri isə italiyalılara uğur gətirib. Edinson Kavani 90+8-ci dəqiqədə vurduğu qolla “Napoli”yə 1 xal qazandırıb. Kresloları qırıb meydana atan rumıniyalı azarkeşlər italiyalı tərəfdarlarla da dalaşıblar.

Qeyd edək ki, qalmaqalın qızışmasında rol oynayan qolun müəllifi Azərbaycan çempionatının ən yaxşı bombardiri olmuş Valter Quqlemonun kiçik qardaşıdır. “İnter”lə Azərbaycan çempionu titulunu da qazanan uruqvaylı “Neftçi”də oynadıqdan sonra komandadan xaric olunmuşdu.