Vüqar Nadirov kompensasiya arzusunda
01.10.2010 - 23:10
Vüqar Nadirov kompensasiya arzusunda
“Məncə, bu qədər ara yetər. Artıq qol vurmağın vaxtdır. Məqsədimiz qələbə qazanmaqdır”. Bu sözləri apasport.az saytına açıqlamasında Ağdamın “Qarabağ” klubunun futbolçusu Vüqar Nadirov deyib.

Bu gün Unibank Premyer Liqasının VIII turu çərçivəsində Tovuzda “Turan”la qarşılaşacaq “Qarabağ” oyuna ciddi yanaşır. Artıq Tovuza yola düşən Qurban Qurbanovun komandası Qazax Olimpiya Kompleksində məskunlaşacaq.

Unibank Premyer Liqasında sonuncu dəfə ötən mövsümün XII turunda doğma meydanda “Turan”la oyunda fərqlənən “Qarabağ”ın və milli komandanın hücumçusu Vüqar Nadirov yenə qol vurmaq niyyətindədir. Tovuz klubuna qənim kəsilən 23 yaşlı hücumçu komandasının qələbə qazanmasını əsas sayır: “Tovuza qələbə dalınca gedirik. Qələbədən başqa heç nə düşünmürük. Ötən tur “Qəbələ”yə məğlub olmuşuq və bunu kompensasiya etmək lazımdır. Əlbəttə, bir hücumçu kimi əsas məqsədim qol vurmaqdır. Ancaq mənim qol vurmağımdan çox komandamın qələbə qazanması əsasdır”.

Qeyd edək ki, Vüqar Nadirov Unibank Premyer Liqasında vurduğu sonuncu qoldan 309 gün keçir. O ötən mövsüm noyabrın 27-də doğma meydanda “Turan”ı 2:1 hesabı ilə məğlub etdiyi oyunda dubla imza atmışdı.