Emil Mpenzanın 138 günü: Het-trikdən qol hesabını açanadək
02.10.2010 - 11:33
Emil Mpenzanın 138 günü: Het-trikdən qol hesabını açanadək
Bakının “Neftçi” klubunun belçikalı futbolçusu Emil Mpenza karyerasında növbəti qolu 138 gün gözləməli oldu. Apasport.az saytının hesablamalarına görə, ölkəmizdə ilk qolunu Unibank Premyer Liqasının VIII turunda AZAL-la oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşün 2-ci dəqiqəsində vuran təcrübəli hücumçu 4 aydır meydanı qolsuz tərk edirdi. Sonuncu dəfə İsveçrə çempionatında fərqlənən Mpenza buna “Syon” klubunda oynadığı zaman nail olub. Özü də Emil həmin komandada çıxışını het-triklə başa vurub. Bu, 2010-cu ilin mayın 16-da sonuncu turda “Syon” – “Sent Qallen” oyununda (5:1) olub. Həmin görüşü əvəzedilmədən keçirən Mpenza 39 dəqiqəyə (16, 45 və 55-ci dəqiqələr) het-trik edib. Özü də təcrübəli hücumçu ilk və son qolunu penalti zərbəsindən vurub.

Ötən mövsüm bitəndən sonra “Syon”dan gedən Mpenza karyerasını “Neftçi”də davam etdirməyə qərar verdi. Ancaq arxada qalan 7 turda heç cür qol vura bilməyən Emil yalnız “Simurq”la yoldaşlıq görüşündə buna nail olmaqla təsəlli tapmışdı. Nəhayət, AZAL-da görüşdə tilsimi qıran Mpenza Elşən Poladovun qapısına yol tapmaqla, oyunda yeganə qolun müəllifi oldu. Onun qələbə topu “Neftçi”ni liderliyə qaytardı.

Qeyd edək ki, Mpenza “Syon”da oyandığı bir mövsümdə 32 oyunda 21 qol vurub. O, 1997-ci ildən çağırıldığı yığmasına (57 oyun, 19 qol) son vaxtlar cəlb olunmadığı üçün orada fərqlənmək imkanından məhrum qalıb.

Mehman SÜLEYMANOV