Ziko Rəşad Sadıqovun yeni baş məşqçisi ola bilər
02.10.2010 - 12:14
Ziko Rəşad Sadıqovun yeni baş məşqçisi ola bilər
Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqovun şərəfini qoruduğu Türkiyənin “Əskişəhərspor” klubunun baş məşqçi postuna növbəti namizədin adı açıqlanıb. Apasport.az saytının məlumatına görə, klub prezidenti Halil Unal tanınmış braziliyalı məşqçi Artur Ziko ilə danışıqlar apardıqlarını bildirib. Ancaq Unal hazırda vətənində “Flamenqo” klubunda idman direktoru postunu tutan mütəxəssislə anlaşmadıqlarını söyləyib.

Onun sözlərinə görə, bir çox məşqçilərlə danışsalar da, hələlik heç kimlə anlaşmayıblar. Türkiyəli həmkarlarımız isə iddia edir ki, “Əskişəhərspor” yerli çalışdırıcı Coşqun Dəmirkbaranla böyük ölçüdə ortaq məxrəcə gəlib. Hətta deyilənə görə, “Diyarbəkirspor”, “Kocaelispor” klublarının sabiq çalışdırıcısı ilə rəsmi müqavilə gələn həftə imzalanacaq.

Qeyd edək ki, Ziko 2006-08-ci illərdə çalışdırdığı “Fənərbaxça”nı çempion edərək, Çempionlar Liqasında 1/4 finala çıxarıb.