“Bakı” “Xəzər”ə qarşı 2 qapıçı ilə oynayıb
02.10.2010 - 21:04
“Bakı” “Xəzər”ə qarşı 2 qapıçı ilə oynayıb
Unibank Premyer Liqasının VIII turu hakimlərimizin buraxdığı növbəti kobud səhvlərlə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, “Muğan”la “Xəzər Lənkəran”ın oyununda olduğu kimi yenə hadisələr televiziya vasitəsilə dünyaya yayımlanıb.

Bu dəfəki biabırçılıq isə meydanda eyni komandanın iki qapıçısının eyni vaxtda olmasından ibarətdir. Daha doğrusu, hakimlərin bu haqda yanlış təssürat oyatmasıdır.

Əslində Lənkərandakı oyunun 90 dəqiqəsi boyu “Bakı” bir qapıçı – Marko Şarliya ilə mübarizə aparıb. Lakin matçın 63-cü dəqiqəsində bakılılar əvəzetməyə əl atıb. Oyunun ehtiyat hakimi Fuad Həsənov havaya “30” və “13” nömrələrini tribunalar, televiziyaya, həm də bütün dünyaya nümayiş etdirib. Bu isə o demək idi ki, 30 nömrəli orta sahə oyunçusu İbrahim Karqbo meydanı tərk edir və onu qapıçı Aqil Məmmədov əvəz edir. Yəni, qonaqlar iki qapıçı ilə oynayacaqlar. Sanki çərçivədə iki futbolçunun durması ilə qol buraxmamağa çalışırdı. Lakin bütün dünya da dərhal gördü ki, meydana 13 deyil, 12 nömrəli futbolçu daxil oldu. Bu isə Vyaçeslav Sofroni idi. Bütün bunlardan xəbərsiz olan hakim isə heç düzəliş də etmək niyyətində deyildi. Heç düzəltmədi də.