Kamran Ağayevi artıq bütün dünya tanıyacaq
04.10.2010 - 11:06
Kamran Ağayevi artıq bütün dünya tanıyacaq
“Xəzər Lənkəran” klubunun qapıçısı Kamran Ağayev karyerasının şəxsi rekordunu müəyyənləşdirib. Apasport.az saytının hesablamalarına görə, Azərbaycan yığmasının da əsas qapıçısı olan Kamranın “quru seriya”sı 720 dəqiqə davam etdi.

Cari çempionatda 7 turda qol buraxmayan Ağayev VIII turda “Bakı” ilə ev oyununda (1:1) məyus oldu. Maraqlıdır ki, çoxları həmin epizodda topa başla toxunan “Bakı”nın fransalı müdafiəçisi Stefan Borbikoninin fərqləndiyini zənn etsə də, protokolda qol müəllifi kimi künc zərbəsini yerinə yetirən hücumçu Vaqif Cavadovun adı göstərildi.

Ağayevin seriyası qırılsa da, hər halda, böyük uğura imza atdı. Söhbət onun Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyasının (İFFHS) rekordlar siyahısına düşməsindən gedir. Bunun üçün 660 dəqiqə lazım idi ki, qapıçımız bu vəzifəni artıqlaması ilə yerinə yetirdi. Ağayevi bu göstəricidə bütün dünyaya tanıdan isə apasport.az saytı oldu.

Belə ki, saytımızın əməkdaşı, İFFHS-nın Azərbaycan üzrə nümayəndəsi Vüqar Xeyrullayev Kamranın bu rekordunu yazılı şəkildə qurumun diqqətinə çatdırıb. Artıq yaxın günlərdə İFFHS açıqlayacağı siyahısına Kamranın da adını daxil edəcək.

Ağayev sonuncu qolunu ötən çempionatın axırdan əvvəlki turunda “Qarabağ”la Ağdamda keçirilən görüşdə (1:2) buraxmışdı. Onu mayın 9-da keçirilən həmin matçın 35-ci dəqiqəsində yığmamızda komanda yoldaşı Rauf Əliyev məyus etmişdi. Kamran bu dəfə şəxsi göstəricisini da yaxşılaşdırdı. Belə ki, 2007/08 mövsümünün də startında inamlı oynayan qapıçı həmin vaxt yalnız VI turda qapısında qol görmüşdü.

Kamran əvvəlki çempionatdan qalan dəqiqələrin sayəsində 632 dəqiqə qapısından top buraxmamışdı və bu, karyerasının ən yaxşı nəticəsi idi. Ağayevin “Xəzər Lənkəran”ın 6 illik tarixinin rekordunu təkrarlamağa isə 15 dəqiqəsi çatmadı. Serbiyalı Milorad Koraçı qabaqlayan qapıçı belaruslu həmkarı Aleksandr Martyoşkinə çata bilmədi. Martyoşkin 735 dəqiqə qapısını toxunulmaz saxlaya bilib. Həmin göstərici çempionatlarımız tarixinə 11-ci nəticə kimi düşüb.

Qeyd edək ki, artıq karyerasını bitirən, qapıçılarla işləyən məşqçi olan Nizami Sadıqov “quru seriya”larda rekordçumuzdur.

Azərbaycan Premyer Liqasının İFFHS-dəki təmsilçiləri

1. Nizami Sadıqov (“Turan”) – 1106 dəqiqə
2. Xalidu Sissoko (“Bakı”) – 985
3. Xalidu Sissoko (“Bakı”) - 971
4. Cəmaləddin Əliyev (“Qarabağ”) – 958
5. Elxan Həsənov (“Neftçi”) – 943
6. Dmitri Kramarenko (“Karvan”) – 798
7. Dmitri Kramarenko (“Neftçi”) – 772
8. Rauf Mehdiyev (“Olimpik”) – 746
9. Elşən Poladov (“Bakı”) – 744
10. Nadir Şükürov (“Dinamo”) – 741
11. Aleksandr Martyoşkin (“Xəzər-Lənkəran”) - 735
12. Kamran Ağayev (“Xəzər Lənkəran”) – 720
13. Cəmaləddin Əliyev (“Qarabağ”) – 700
14. Rauf Mehdiyev (“Olimpik”) – 676

Mehman SÜLEYMANOV