“Öz klublarında oynamayanlar və zədəlilər yığmaya çağırılıb, mən isə yox”
04.10.2010 - 12:08
“Öz klublarında oynamayanlar və zədəlilər yığmaya çağırılıb, mən isə yox”
“Futbolçunun yaşı deyil, hansı formada olması vacibdir. Hazırda Türkiyədə öz mövqeyində mənim qədər yaxşı oynayan futbolçu var ki? Ona görə də əminliklə yığmadan dəvət gözləyirdim”. Apasport.az saytının məlumatına görə, bu sözləri Türkiyənin “Beşiktaş” klubunun futbolçusu İbrahim Üzülməz deyib.

Klubunda kapitan sarğısını daşıyan sol cinah müdafiəçisi oktyabrın 8-də Almaniya, 4 gün sonra Azərbaycan milli komandası ilə qarşılaşacaq Türkiyə yığmasına çağırılmamağını ədalətsizlik sayır. Üzülməz Avro-2012-nin seçmə mərhələsinin bu iki qarşılaşmasında oynamağa layiq olduğunu, hollandiyalı baş məşqçi Qus Hiddinkin düzgün seçim etmədiyini düşünür: “Öz klublarında oynamayanlar və zədəlilər yığmaya çağırılıb. Ancaq formada olmağıma baxmayaraq, mən bu siyahıda yoxam. Həqiqətən çox üzgünəm. Heyəti nəyə əsasən açıqlayırlar? Bunu anlamaq da çətindir. Demirəm ki, məni Avro-2012-nin final mərhələsinə aparın. Amma indi kimə yaxınlaşıb soruşsanız, deyəcək ki, İbrahim Üzülməz yığmada oynayar. Görünür, baş məşqçi başqa cür düşünür”.

Qeyd edək ki, Üzülməz millidəki qol hesabını ötən il iyunun 2-də Azərbaycan yığması ilə oyunda açıb.