Musa Süleymanov: O, sehrbaz deyil
04.10.2010 - 13:43
Musa Süleymanov: O, sehrbaz deyil
“Əlbəttə, Sakit Alıyevlə Revaz Dzodzuaşvili və onların komandaları arasında da fərq var. Dzodzuaşvilinin adı elə böyük fərq deməkdir. Böyük futbolçu, məşqçi olub, onu bütün dünyada tanıyırlar”. Bu fikirləri açıqlamasında Tovuzun “Turan” klubunun prezidenti Musa Süleymanov deyib.

Unibank Premyer Liqasının VII turunda səfərdə “Bakı”ya məğlubiyyətdən (1:3) sonra baş məşqçisi Sakit Alıyevi istefaya göndərən Süleymanov klubda məsləhətçi çalışan gürcü Revaz Dzodzuaşvilini bu posta təyin etdi. Prezident yeni çalışdırıcısının vaxta ehtiyacı olduğunu bildirir: “Revaz baş məşqçi kimi yeni işə başlayıb, hələ futbolçuları indi-indi yaxından tanıyır. O, sehrbaz deyil ki, gələn kimi nəsə etsin. Bizdə müxtəlif yaş qruplarında 500-ə yaxın uşaq var. Onların hamısından yararlanmağa nə vaxtımız, nə də yerimiz var. Ancaq əvəzedici komandamızdan 10-12 futbolçunu cəlb etmişik. Yeni baş məşqçi də öz yetirmələrimizə güvənməklə bağlı fikrimizi dəstəkləyir. Hazırda strategiyamız turnir cədvəlində yuxarı yox, orta yerləri tutub, futbolçular yetişdirməkdir”.

Ən azı qışa kimi Dzodzuaşvili ilə yoluna davam edəcək “Turan” başqa namizədləri də nəzərdən keçirib. Klublarımızda əcnəbi mütəxəssislər çoxluq təşkil etdiyindən, yerli məşqçilərin çoxu kənarda qalıb. Bu mənada ən titulu məşqçimiz olan Ağasəlim Mircavadovun adını çəkmək olar. Maraqlıdır, “Turan” Mircavadov səviyyəsində mütəxəssisi baş məşqçi postuna gətirməyə iqtidarındadırmı? Süleymanovun fikrincə, bu dəyişiklik qışda ola bilər: “Bu vəzifədə yaxın gələcəkdə dəyişiklik olacağına inanmıram. Çünki Dzodzuaşvilini yeni gətirmişik, vaxt azlığı da öz sözünü deyir. Ola bilər ki, onda da problem var. Bu, ciddi olarsa, dəyişikliyə baxıla bilər. Bütün məşqçilərimizə böyük hörmətim var. Ancaq bu, mövsüm bitəndən sonra, yay fasiləsində ola bilər. Ancaq söhbət konkret Mircavadovdan getmir”.

Mehman SÜLEYMANOV