“Kimlərsə bərbad hakimliyi ilə başqalarının nüfuzunu aşağı salır”
04.10.2010 - 15:27
“Kimlərsə bərbad hakimliyi ilə başqalarının nüfuzunu aşağı salır”
“Biz “İnter”lə oyunda xal qazanmağa layiq idik. Matçın ədalətli nəticəsi heç-heçə idi. Ancaq hakim səhvləri nəticə qazanmağımıza imkan vermədi”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Muğan” klubunun futbolçusu Fərrux İsmayılov deyib.

Unibank Premyer Liqasının VIII turunda “İnter” – “Muğan” oyunu (1:0) narazılıqlara səbəb olub. Görüşün sonuna yaxın meydanda düşən dava-dalaş da xoşagəlməz mənzərəyə gətirib çıxardı. Son çempion qələbə topunu yalnız sona 9 dəqiqə qalmış, özü də penalti zərbəsi ilə vurdu. Elə məhz həmin penalti və digər epizodlar böyük söz-söhbətlər yaradıb.

“Muğan”ın heyətində ən təcrübəli futbolçulardan olan, “İnter”lə görüşü əvəzedilmədən keçirən Fərruxun fikrincə, baş hakim Elnur Muradov onlara qarşı haqsızlıq edib: “Bu oyunda hakim səhvləri çox oldu. Özü də bunlar əleyhimizə olan qərarlar idi. Hər şey göz qabağında idi. Hakim obyektiv deyildi. Bu, vərəqələrdə, penaltidə özünü göstərdi. Hakim qapımıza olmayan penaltini təyin etdi”.

Komandada kapitanlıq sarğısı daşımış İsmayılov hakimləri qərəzli münasibətdən uzaq olmağa çağırır: “Deməzdim ki, hakimlikdə geriləmə var. Sadəcə, kimlərsə bərbad idarəçiliyi ilə başqa hakimlərin də nüfuzu aşağı salır. Uduzmuşuqsa, buna görə ruhdan düşməyib, əl-qolumuzu yana salmırıq. Yolumuza davam edəcəyik. Rəhbərlikdən heç bir narazılığımız yoxdur. Onların sayəsində bu il heyətimizi daha da gücləndirib, öz sözümüzü deyirik. Bu, hələ ötən mövsüm də belə idi. Çalışacağıq ki, bu dəfə “altılığ”a düşək”.

Mehman SÜLEYMANOV