“Azərbaycanla oyuna əvvəl ehtiyat futbolçuları buraxmışdıq”
04.10.2010 - 17:57
“Azərbaycanla oyuna əvvəl ehtiyat futbolçuları buraxmışdıq”
“Azərbaycanla oyunun ilk dəqiqələrindən meydana ehtiyat futbolçularımızı buraxmağa qərar vermişdik. Lakin artıq 15-ci dəqiqədə 0:2 hesabı ilə uduzduğumuzu görüb əvəzetmələrə əl atmalı oldum”. Apasport.az saytının məlumatına görə, bu sözləri 16 yaşadək futbolçulardan ibarət Rusiya yığmasının baş məşqçisi Andrey Talalayev deyib.

Rusiyanın Krımsk şəhərində keçirilən təlim-məşq toplanışı çərçivəsində Azərbaycan yığmasını sınağa çəkib, 2:3 hesabı ilə uduzan rusiyalıların çalışdırıcısı məğlubiyyətin səbəblərini izah edib: “Bundan sonra hesabda tarazlıq da yaratmağa nail olduq. Lakin sonda rəqib qələbə qazanmağı bacardı. Məğlubiyyətimizin səbəblərindən danışarkən, iki problemi qeyd etməliyəm. Bunlar qol imkanlarından istifadə olunmamağı və qeyri-peşəkar yanaşmadır. Ümid edirəm ki, bu çatışmazlıqları aradan qaldıra biləcəyik. Belə ki, noyabrda Almaniya yığması ilə oyunumuz var”.

Qeyd edək ki, yığmalar arasında ilk oyunda rusiyalılar 1:0 hesabı ilə qalib gəlmişdi.