Bu gün Əhməd Ələsgərov 75 illik yubileyini qeyd edir
05.10.2010 - 09:21
Bu gün Əhməd Ələsgərov 75 illik yubileyini qeyd edir
Bu gün Azərbaycanın ən tanınmış mütəxəssislərindən olan Əhməd Ələsgərovun ad günüdür. Apasport.az saytının məlumatına görə, uzun illərdir Ukraynanın Odessa şəhərində yaşayan məşqçimiz 75 illik yubileyini qeyd edir. 1935-ci ildə Bakıda anadan olan Ələsgərovun futbolçu karyerası “Neftçi”yə bağlı olub. 1956-65-ci illərdə bu komandaya oynayan, kapitan sarğısını da daşımış yarımmüdafiəçi SSRİ çempionatında və kubokunda 210 oyunda 17 qol vurub. Futbolçu karyerasını erkən başa vurmalı olan Ələsgərov məşqçi kimi debütdə elə “Neftçi” ilə böyük uğura imza atır.

Belə ki, “ağ-qaralar” SSRİ çempionatında yeganə mükafatımız olan bürünc medalı – 1966-cı ildə məhz onun rəhbərliyi altında qazanır. “Neftçi”də SSRİ vaxtında 1966-70, 1979-82-ci illərdə baş məşqçi olan Ələsgərov müstəqillik qazandığımızdan sonra bu komandanın ilk çalışdırıcı olur. Flaqman 1992-ci ildə onun başçılığı ilk ölkə çempionu olur, 1998-2000-ci illərdə isə gümüş və bürünc medal qazanır. Ələsgərov 425 matçla “Neftçi”nin tarixinə ən çox oyun keçirən baş məşqçi kimi düşüb.

Futbolçulara psixoloji baxımdan güclü hazırlaşdırmağı ilə seçilən məşqçimiz vətəndən kənarda Tacikistanın “Pamir” (1972), Ukraynanın “Çernomorets” (1973-77), Moldovanın “Nistru” (1988-89) və “Şerif” (1997-98) klublarını çalışdırıb. SSRİ çempionatında ikinci bürünc medalını 1974-cü ildə “Çernomorets”lə qazanan Ələsgərov vətəndə Naxçıvanın “Araz” klubunun da baş məşqçisi olub. O, 2006-cı ildə “Bakı” ilk çempionluğunu qazanan zamanı klubda vitse-prezident və müşavir vəzifələrində çalışıb.

Milli komandamızın ilk baş məşqçisi kimi düşən Ələsgərov 1992-93-cü və 1998-2000-ci illərdə işləyib. O, 4 ölkənin Azərbaycan, Ukrayna, Moldova və Tacikistanın əməkdar məşqçisidir.

Biz də Ələsgərovu təbrik edərək, onu can sağlığı, növbəti yubileylərini qeyd etməyi arzulayırıq.