Ueyn Runi, İvitsa Oliç, Əfran İsmayılov və başqaları
05.10.2010 - 10:36
Ueyn Runi, İvitsa Oliç, Əfran İsmayılov və başqaları
Dünyanın ən yaxşı hücumçularının siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2010-cu ilin arxada qalan hissəsində ən azı 6 qol vuran futbolçuların siyahısını müəyyənləşdirib. Milli komandada və qitə kuboklarında vurulan qolları nəzərə alan qurumun cədvəlində 73 oyunçu yer alıb.

Ötən ay açıqlanan siyahı ilə müqayisədə cədvəldə ciddi dəyişikliklər baş verib. Uruqvay millisində 7, İspaniyanın “Atletiko” klubunda 6 qol vuran Dieqo Forlan birinci yeri tərk edərək, 3-cü sıraya enib. O, Kamerun yığmasında 8, İtaliyanın “İnter” klubunda 5 dəfə fərqlənən Samuel Eto’Odan yalnız millidəki qolların sayına görə geri qalır.

Siyahının aşkar lideri isə David Vilyadır. Bu yay “Valensiya”nı “Barselona”ya dəyişən 29 yaşlı hücumçu artıq 15 qolla həm birinci pilləni ələ keçirib, həm də izləyicilərindən uzaqlaşıb. O, İspaniya yığmasında 9, avrokuboklarda isə 6 dəfə fərqlənib.

Azərbaycanın siyahıdakı yeganə təmsilçisi Əfran İsmayılov isə 6 qolla 57-61-ci pillələri bölüşən futbolçular arasındadır. Millimizdə 1, Adamın “Qarabağ” klubunda 5 dəfə rəqib qapısına yol tapan 22 yaşlı yarımmüdafiəçinin şərikləri arasında İvitsa Oliç və Ueyn Runi kimi ulduzlar da var.

Avro-2012-nin seçmə mərhələsi çərçivəsində oktyabrın 12-də keçiriləcək qarşılaşmada Azərbaycan milli komandasına qarşı oynayacaq Türkiyə yığmasının üzvü Arda Turan isə İFFHS-in siyahısında 21-cidir. 8 qol vuran futbolçu 5 dəfə yığmada, 3 dəfə “Qalatasaray”da fərqlənib.