Aleksandr Starkov: İntizamsız futbolçu kluba xeyir verə bilməz - MÜSAHİBƏ
05.02.2011 - 11:26
Aleksandr Starkov: İntizamsız futbolçu kluba xeyir verə bilməz - MÜSAHİBƏ
“Bakı” klubunun baş məşqçisi Aleksandr Starkov Rusiya mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, latviyalı mütəxəssis yeni komandası, Latviya yığması haqda fikirlərini açıqlayıb.

- Əksər məşqçilər üçün Çempionlar Liqası ön planda durur. Siz isə “Skonto”nu çempion etsəniz də bu imkandan yararlanmayacaqsınız. Siz taleyi bilinməyən, hələlik öz çempionatında 7-ci olan komandaya üstünlük verdiniz...
- Bakılılar mənə hələ ötən ilin ortalarında müraciət etmişdilər. O vaxt “Skonto”nu yarı yolda qoya bilməzdim. Mənə yarım il fikirləşmək üçün vaxt verdilər. Sonra Bakıda oldum klubla, iddialı prezidenti Hafiz Məmmədovla tanış oldum. Klubun bazasını, infrastrukturunu, uşaq futbol məktəbini gördüm. Təklif mənə maraqlı göründü.

- Lakin etiraf edin ki, maddi məsələlər də qərarınıza təsir edib...
- Adətən yeni məşqçiləri uğursuz komandalara dəvət edirlər. “Bakı” çempion olsaydı çətin ki, mənə müraciət edərdilər. Amma “Bakı”da xərclənən pullar klubun turnir cədvəlindəki mövqeyində əks olunmurdu. Hamı ilə çox yaxın olduğum “Skonto”dan ayrılmağa təəssüflənirdim. Lakin yeni çağırış məni cəlb edirdi. Riqada gənclərlə işləyib ÇL-ə vəsiqə qazanmışdıq. Klubun büdcəsi vacib amildir. Bu, nə qədər irəliləmək baxımından vacibdir.

- Qarşınıza hansı vəzifə qoyulub?
- Cari məsələmiz ilk “6-lığ”a düşməkdir. Hazırda 2-ci mərhələyə 3 tur qalıb ki, bizi 6-cı yerdən 2 xal ayırır. Strateji baxımdan isə liderlər sırasında olmaq, çempionluq və kubok üçün mübarizə aparmalıyıq. Avrokuboklara çıxıb uğurlu çıxış etməliyik.

- Yəqin ki, başqa təklifləriniz də olub. Məsələn Rusiyadan...
- Bəli, təkliflər var idi. Rusiyada mənə maraq azalmayıb. Lakin gerçəkləşməyən təkliflər haqda danışmağın tərəfdarı deyiləm. Digərlərindən fərqli “Bakı” mənim həm yığma, həm klubda çalışmağıma imkan verən təklif etmişdi. Millidə çalışmaq mənim üçün çox qiymətlidir. Seçmə mərhələni başa vurduqdan sonra federasiya məni saxlayıb-saxlamamaqla bağlı qərar verər.

- Yığmanın seçmə mərhələdəki şanslarını necə dəyərləndirirsiniz?
- Biz heç vaxt seçmə mərhələdə favoritlərdən olmamışıq. İndi də qrupumuzda Yunanıstan, Xorvatiya kimi komandalar var. Bizim nəticələr isə reytinqimizə uyğundur. Qrupdan çıxmağımız üçün möcüzə lazımdır. Biz də buna cəhd edirik.

- Azərbaycanlı və latviyalı futbolçuların mentalitetindəki fərq sizi çəkindirmir ki?
- Əlbəttə ki, fərq var. Lakin bu həll olunacaq həddədir. Həm də “Bakı”da legionerlə çoxluq təşkil edir: braziliyalılar, xorvat, holland, Syerra-Leone yığmasının üzvü. Bir sözlə beynəlmiləl heyət var ki, buna istənilən ölkədə arst gəlmək olar.

- Deyilənə görə siz bu əcnəbilərin sayını azaltmısınız. Artıq 3 oyunçu, o cümlədən yerli publikanın sevimlisi Jabanı komandadan kənarlaşdırmısınız...
- Mən bu “3-lüy”ü hələ heç görməmişəm də. Mən komanda ilə Bələkdə tanış oldum. Onları isə ora gətirməmişdilər. Onların taleyinə klub prezidenti qərar verəcək. Məncə isə intizamsız oyunçu kluba xeyir verə bilməz.

- Sizin sələfiniz Vinfred Şafer təkcə Almaniyada məşhur deyil. Onun Azərbaycandakı uğursuzluğu sizi qorxutmur ki?
- Sələf haqda danışmaq düzgün deyil. Komanda ilə tanış olub gördüm ki, burada yaxşı, iddialı, ağıllı oyunçular toplaşıb.

- Rusiya futbolunu izləyirsinizmi?
- İzləyirəm. “Spartak”ı və Latviya yığmasındakı yetirməm Saunyanın keçdiyi MOİK-ə diqqət ayırıram. “Spartak” həmişə, nəticələrdən asılı olmayaraq maraq çəkir. Lakin son mövsüm MOİK daha çox diqqətimi çəkdi.
0