Ruslan Poladov: Orda qardaş söhbəti keçmir
06.02.2011 - 00:00
Ruslan Poladov: Orda qardaş söhbəti keçmir
“Xəzər Lənkəran” klubunun müdafiəçisi Ruslan Poladovun apasport.az saytına müsahibəsi

- Bir ailədə 2 peşəkar futbolçu - biri qapıçı, digəri müdafiəçi. Meydanda rəqib kimi üz-üzə gəlmək çətin deyil?
- Çətin yox, maraqlı olur. Çünki mən qol vurmağa çalışıram ki, formasını geyindiyim komanda qələbə qazansın. Əksinə, o da çalışır ki, qapısını toxunulmaz saxlasın və komandası məğlub olmasın. Həmişə çalışmışam ki, ona qol vurum.

- Birdən elə vəziyyət yarandı ki, qol vurmaq şansı qazanmısınız və topu tora qovuşdursanız, qardaşınızı komandadan qovacaqlar. Bu cür seçim qarşısında qalsanız neynəyərsiniz?
- Bilirsiz, biz peşkar futbolçularıq. Meydana çıxanda hər birimiz öz komandamızın uğuru üçün çalışırıq. Əgər bu cür vəziyyətlə qarşılaşsam, komandamın mənafeyini üstün tutaram. Artıq orda qardaş söhbəti işə yaramır. Ehtiyac olsa, ona özüm baxaram, amma həmin anda qolu vuraram.

- İdman qohumluğa baxmır?
- Xeyr. Tutaq ki, həmin oyunda qazanacağımız qələbə ilə çempion ola bilərik. Bəyəm onda qardaşım top buraxacaq? Buraxmayacaq, əksinə qapısını toxunulmaz saxlayacaq. Yəni vəziyyətdən aslı olmayaraq, hər ikimiz öz komandamızın xeyrinə addım atacağıq.

- Elə məqam olubmu ki, mübarizə zamanı bir-birinizi zədələyəsiniz?
- Açığı elə bir epizod olmayıb. Çünki mən müdafiədə çıxış edirəm. Belə olan halda, üz-üzə gəlməyimiz nadir hallarda baş verir.

- Maraqlıdır ki, uşaq yaşlarından eyni məşqçinin rəhbərliyi altında hazırlaşmısınız. Fərqli amplua seçməyiniz nə ilə bağlıdır?
- Elşən cüssəlidir, həm də reaksiyasına görə seçilirdi. Qapıçı üçün də bu məqamlar vacibdir. Mən isə sürətimə görə fərqlənirdim. Ona görə də o qapıçı, mən isə müdafiəçi oldum.

- Həyata baxışınız necə, üst-üstə düşürmü?
- Əlbəttə, düşür. Fərqli cəhətlərimiz də var. Ancaq kompromisə getməyi bacarırıq.

- Əksər futbolçularımız rayon komandalarını seçərkən, bir qədər tərəddüd edirlər. Bunun çətin olduğunu düşünürlər. Xeyli vaxtdır əyalətdə çıxış edirsən. Çətinlik hiss edirsinizmi?
- Niyə ki, bir problem yoxdur.

- Bəs onda bunu niyə bu qədər şişirdirlər?
- Ola bilsin, əksər rayonlarda şəraitsizlik olsun, bu da futbolçuların seçimlərinə təsir göstərsin. Ancaq bizdə hər şey yaxşıdır. Futbolçular üçün normal şərait yaradılıb. Klub rəhbrəliyi ailəmizi də yanımıza gətirməyə imkan verir.

- İndi zədəli olduğunuza görə evdən bayıra çıxmırsınız. Vaxtı necə “öldürürsünüz”?
- Dostlarım gəlir. Oturub, söhbət edirik. Özüm evliyəm və körpə qızım var. Onunla oynayıram.

- Kitab oxuyursunuzmu?
- Dini kitabları oxumağa üstünlük verirəm.

- Kinoya baxırsınızmı?
- Həvəsim olmur. Ancaq məntiqli filmlərə baxıram. Fantastika ilə aram yoxdur. Dediktiv və tarixi filmləri izləyirəm.

- Sonuncu izlədiyiniz film hansı olub?
- İsa peyğəmbərlə bağlı çəkilən film olub.

- Gəzməklə aranız necədir?
- Hər şeyi qədərində etməyə çalışıram. Hansısa xarici ölkəyə deyil, Azərbaycanın gəzməli-görməli güşələrinə səfər etməyi xoşlayıram.

- Xaricə getmək istəməməyin maliyyə ilə bağlıdır?
- Xeyr, imkan var. Pis çıxmasın, Azərbaycanın istirahət bölgələri xaricdəki yerlərdən heç də pis deyil. Sadəcə, bizdə turizm bir qədər inkişaf etməyib.

- Tarixi filmləri izlədiyinizi dediniz. Bəs sonuncu dəfə hansı tarixi yerdə olmusunuz?
- İşimizlə əlaqədar çox vaxtımız olmur. Ancaq dincəlmək üçün üz tutduğumuz rayonlarda mütləq tarixi yerlərə baş çəkirəm.

- Kolleksiya yığmaqla aranız necədir?
- Xoşlamıram.

- Əksər futbolçularımız kimi, siz də şəxsi həyatınızı mətbuatdan gizləyirsiniz?
- Şəxsi həyatımda elə bir xoşagəlməz hadisə yoxdur ki, onu da gizlədim. Evliyəm. Bir qızım var. Allah olmayanlara da qismət eləsin.

- Yoldaşınızla tanış olmağınızın tarixçəsini danışa bilərsinizmi?
- Qohumdur. Gözümün qabağında böyüyüb. Ailə qurmağımızda valideyinlərimizin rolu olmayıb. Bir-birimizi sevib evlənmişik.

- Qızınızın neçə yaşı var?
- 10 aylıqdır.

- Ona hədiyyə alırsınızmı?
- Hara gedirəmsə, ancaq onun üçün nəsə alıram. Daha çox uşaq oyuncaqları alıram.

- Yəni gəlincik...
- Xeyr, qızım gəlinciklə deyil, maşınla çox oynayır. Buna görə də evdə maşınların sayı daha çoxdur.

- Qısqanclıq varmı?
- Lap çoxdur. Hər ikimiz qısqancıq. Ancaq bir-birimizə inanırıq.

- Heç qız fanatınızla və rəfiqənizlə yaxalanmısınızmı?
- Qız fanatım elə də çox deyil. İşimizlə əlaqədar elə şeylər var ki, qısqanclıq yaratsa da, dərinə getmirik. Bir-birimizi başa düşməyə çalışırıq.

- Həyatda daha çox kimə güvənirsiniz?
- Valideyinlərimə, qardaşıma. Dar günümdə dostlarıma sığınıram.

- Zədəlisiniz. Dostlarınızın sevgisini, qayğısını hiss edirsinizmi?
- Əlbəttə, hiss edirik. Zədə futbolçu üçün qaçılmazdır. Bundan da çətin günlərimizdə daim bir-birimizi axtarmışıq, yanında olmuşuq.

- Səhvləriniz çox olub?
- Səhvsiz insan yoxdur. Ancaq keçənə güzəşt deyiblər.

- Heç azarkeşlərdən kimsə sizi oyundan sonra “razborka”ya dəvət edibmi?
- İndiyə qədər bu cür problemlə qarşılaşmamışıq. Onların narazılığını da başa düşmək lazımdır. Ancaq qələbə istəyirlər.

- Hərbi xidmətdə olmusunuzmu?
- Hələ yox, ancaq mütləq əsgərliyə gedəcəm.

- Necə düşünürsünüz, bu gün gənclər arasında vətənpərvərlik hissi yüksəkdirmi?
- Əgər ordumuz güclüdürsə, deməli, vətənpərvərlik hissləri də yüksək səviyyədədir. Çünki vətənin keşiyində gənclərimiz dayanıb.