“Xəzər Lənkəran” 2 futbolçu ilə müqavilə bağladı
07.02.2011 - 13:53
“Xəzər Lənkəran” 2 futbolçu ilə müqavilə bağladı
“Xəzər Lənkəran” qış fasiləsində heyətinə qatdığı və baxışdan uğurla keçən Hristu Romana Kyaku və Nikulae Konstantin Muşatla münasibətlərini rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, cənub təmsilçisi hər iki futbolçu ilə 1 illik müqavilə imzalayıb.

Hücumameylli yarımmüdafiəçi olan 24 yaşlı Kyaku komandaya Buxarest “Dinamo”sundan qoşulsa da, son iki ili digər Rumıniya klubu “Politexnika”nın (Timişoara) heyətində icarədə keçirib. Futbolçu vaxtilə ölkəsinin 21 yaşlılardan ibarət milli yığmasına da çağırılıb və onun heyətində 3 qola imza atıb. Ölkəsinin müxtəlif klublarından əlavə Polşada “Visla”nın da şərəfini qorumuş Kyaku üçün “Xəzər Lənkəran” çıxış etdiyi ikinci xarici komandadır.

Ötən ilin dekabrında 24 yaşı tamam olan Muşat isə sol cinah yarımmüdafiəsidir. Ölkəmizdə yeni olan legioner Rumıniyanın “Dinamo” (Buxarest) klubunun yetirməsidir və Lənkəran təmsilçisinə məhz oradan gəlib. Nikolae karyerası ərzində icarə əsasında müxtəlif Rumıniya klublarının da formasını geyinib ki, bunlardan “Universitatya” (Kluj) və “Unirea” diqqət çəkir.

Mənbə: lankaranfc.com