Emin Mahmudov Azərbaycan yığmasına çağırılmayacaq
10.02.2011 - 01:33
Emin Mahmudov Azərbaycan yığmasına çağırılmayacaq
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Rusiya Premyer Liqasının iştirakçısı olan futbolçumuz Emin Mahmudovun xidmətində maraqlı deyil. Apasport.az saytının Dubaya ezam olunmuş əməkdaşının məlumatına görə, almaniyalı mütəxəssis “Saturn”un dağılmasından sonra Moskva “Spartak”ına keçən gənc yarımmüdafiəçinin milliyə çağırmaq fikrində olmadığını bildirdi: “Siz əvvəl istəyirdiniz ki, Azərbaycanda futbolçu tapaq. İndi də Avropada. Biz xaricdə oynayan azərbaycanlı futbolçuları axtarmağa başlamışıq. Ancaq futbolçunun Azərbaycan yığmasında oynamağı ürəkdən gəlməlidir. O, yığmanı sevib, gəlməlidir. Formasının üzərindəki emblemi öpməlidir”.

Foqtsun bunu geydiyi formada əyani göstərməsi diqqəti çəkən məqam oldu: “Futbolçu fəxr etməlidir ki, ölkəsinin yığmasında oynayır. Millisi üçün oynamalıdır. Soruşsanız, Emin Azərbaycan üçün oynamayıb”.

Qeyd edək ki, Azərbaycanda anadan olan, sonradan ailəsi ilə birgə Moskvaya köçən vaxtilə 17 yaşlılardan ibarət yığmamıza çağırılsa da, sonradan Rusiya millisinin formasını daşımağı üstün tutdu.