“Azərbaycan millisinin Belçikaya qalib gəlmək şansı var”
10.02.2011 - 02:08
“Azərbaycan millisinin  Belçikaya qalib gəlmək şansı var”
“Azərbaycanla oyunda qazandığımız qələbə asan olmadı. Yığmanız sona kimi müqavimət göstərirdi”. Apasport.az saytının Dubaya ezam olunmuş əməkdaşının məlumatına görə, bu fikirləri Macarıstan yığmasının baş məşqçisi Şandor Egervari Azərbaycan yığmasına 2:0 hesabı ilə qalib gəldikləri yoldaşlıq görüşündən sonra deyib. O. milli komandamızın baş məşqçisi Berti Foqtsdan fərqli olaraq mətbuat konfransı keçirmədi. Vaxt azlığından, Dubaya ezam olunmuş azərbaycanlı jurnalistlərin suallarını ayaq üstü qısa cavablandıran Egervari yığmamızı təriflədi: “Azərbaycan yığmasının futbolçuları fiziki cəhətdən çox hazırlıq, yaxşı oyun intizamına malikdirlər. Bu, Hollandiya ilə rəsmi oyun öncəsi bizim üçün yaxşı hazırlıq oldu. Ümid edirik ki, həmin görüşdə qalib gələcəyik”.

Egervari yığmamızın rəsmi oyunda növbəti rəqibi olan Belçika millisi ilə səfər görüşündə şanslarımızı dəyərləndirdi: “Komandanızın gələn ay Belçika ilə oyunda qalib gəlmək şansı var. Azərbaycan yığması getdikcə inkişaf edir. Bunu xüsusilə Türkiyə üzərində qazandığınız qələbə göstərdi”.

Mehman SÜLEYMANOV