Həm sevinc, həm təəssüf
12.02.2011 - 00:04
Həm sevinc, həm təəssüf
“Komandamızın qış fasiləsindəki hazırlığı yaxşı keçdi. Türkiyədəki təlim-məşq toplanışımızdan razı qaldım”. Bu fikirləri apasport.az saytının Dubaya ezam olunmuş əməkdaşına açıqlamasında “Qarabağ” klubunun futbolçusu Rauf Əliyev deyib.

Çempionatımızın son bürünc medalçısı qış fasiləsində 28 gün Antalyada hazırlıq keçdi. Düzdür, Rauf yığmadan dəvət alan komanda yoldaşları ilə birgə axıra kimi qalmayaraq, yanvarın 27-də Dubaya millinin toplanışına yollandı: “Əlbəttə, futbolçu üçün təlim-məşq toplanışlarında çox çətinliklər olur. Demək olar bir aydır evdə deyilik. Bu, bizə çox çətin olsa da, neyləmək olar. Bu da bizim işimizdir. İnşallah, mövsümün 2-ci yarısında daha yaxşı oynayarıq. Düzdür, yeni futbolçularımızla çox bir yerdə ola bilmədik. İnşallah, çempionatda güclərini görəcəyik. İnanırıq ki, çempionatda yaxşı nəticə qazana biləcəyik. “Qəbələ” ilə qarşıdakı görüş “altılığ”a düşməyimiz üçün ən vacib oyunumuzdur. Qalib gələndən sonra mükafatlar haqda fikirləşə bilərik”.

Hücumçu həm “Qarabağ”, həm də millidə komanda yoldaşı olmuş Rəşad Sadıqovun mümkün qayıdışına sevinir: “Rəşadın qayıdışı komandamızın gücünə güc qatacaq. O, əvvəl “Qarabağ”da olanda da hamı necə oynadığını görürdü. Bir tərəfdən təəssüflənirəm ki, Türkiyədən tez qayıdır. Ancaq bu, futbol həyatıdır və gedib-qayıda bilərsən. Problem yoxdur, bu, həyatdır. Əsas odur ki, “Qarabağ” güclənəcək”.

Mehman SÜLEYMANOV