“Türk klubu ilə müqavilə bağlamağa gedirdim, amma rəhbərlik buraxmadı”
12.02.2011 - 00:03
“Türk klubu ilə müqavilə bağlamağa gedirdim, amma rəhbərlik buraxmadı”
“Vallah, Naci Şensoyun gəlişindən sonra komandamızda çox şey dəyişib. Onunla əvvəl də bu komandada işləmişəm”. Bu fikirləri apasport.az saytının Dubaya ezam olunmuş əməkdaşına açıqlamasında Tovuzun “Turan” klubunun kapitanı Vurğun Hüseynov deyib.

Hələ ötən ilin sonunda “Turan”ı yenidən tərk edəcəyi gözlənilən 22 yaşlı müdafiəçi sonda qaldı: “Mən “Qəbələ”yə gedirdim, qərarımı dəyişməmişdim. Sadəcə, Şensoyun gəlişindən sonra bununla bağlı söhbət oldu və məni buraxmadılar. Mənim əlimdən gələn nə var ki? İnşallah, gedişimlə bağlı məsələyə yayda baxacağıq. Həmin vaxt müqaviləm bitir”.

Hüseynovun adı qış fasiləsində Türkiyənin “Samsuspor” klubu ətrafında da hallanırdı. Ancaq “Turan” rəhbərliyi transferinə böyük qiymət qoyduğu yetirməsini satmaqdan imtina edib: “Düzdür, Bank Asiya I liqa təmsilçisi olan “Samsunspor” mənimlə maraqlanırdı. Bu müddətdə Tovuzda idim, getməyim 80 faiz idi. “Samsunspor”a müqavilə bağlamağa çağırırdılar, ancaq klub rəhbərliyi buraxmadı. Səbəbini dəqiq bilmirəm. Görünür, buraxandan sonra 1-ci diviziona düşə biləcəyimizdən ehtiyatlandılar”.

Mehman SÜLEYMANOV