“Ürəyim dözmədi, “Xəzər Lənkəran”la oyuna gəldim”
12.02.2011 - 17:23
“Ürəyim dözmədi, “Xəzər Lənkəran”la oyuna gəldim”
Bakının "Neftçi" klubunun litvalı qapıçısı Paulius Qribauskas Bakıya qayıdıb. Apasport.az saytının məlumatına görə, zədəsini vətənində müalicə etdirən 27 yaşlı qapıçı 4 aylıq fasilədən sonra ölkəmizdə dönüb. Litva yığmasının üzvü olan “Neftçi”nin əsas qapıçısı klubunun rəsmi saytına zədəsi və “Xəzər Lənkəran”la qarşıdakı oyunla bağlı fikirlərini bildirib: "Bilirsiniz ki, bir müddət əvvəl diz nahiyəmdən cərrahiyyə əməliyyatı keçirmişəm. Müalicəmi vətənimdə davam etdirirdim. Həkimlər əməliyyatdan təxminən 6 ay sonra tam hazır ola biləcəyimi deyiblər. Bununla belə, ürəyim dözmədi, "Xəzər Lənkəran"la olduqca əhəmiyyətli oyunda "Neftçi"nin yanında olmaq istədim və buna görə də Bakıya gəldim. Çox istərdim ki, bu vacib görüşdə komandama kömək edim. Amma təəssüf ki, bu mümkün deyil. İnanıram ki, "Neftçi" sabahkı qarşılaşmada qələbə qazanaraq, çempionluq yolunda böyük bir addım atacaq".