Kapitan AZAL-ın çempion olacağına inanmır
13.02.2011 - 00:08
Kapitan AZAL-ın çempion olacağına inanmır
“Çətin oyun olacağını bilirdik. AZAL ilk “altılıq” uğrunda mübarizə aparır. Onların məqsədi Avropa Liqasına vəsiqə qazanmaqdır. Ancaq biz də bura məğlub olmağa gəlməmişdik”. Bu sözləri apasport.az saytına açıqlamasında “Gəncə”nin kapitanı Azər Məmmədov deyib.

Qış fasiləsindən sonra ilk oyununa çıxan “Gəncə” AZAL-ın qonağı oldu. “Şəfa” stadionunda baş tutan oyunda hər iki komandanın cəhdlərinə baxmayaraq, qapılara yol tapılmayıb. Müdafiəyə daha çox diqqət yetirən əyalət təmsilçisi bir növ istəyinə nail olub. Elə təcrübəli futbolçu da bunu təsdiqləyib: “Bizim itirəcəyimiz heç nə yox idi. Baş məşqçi qələbə qazanmağımızı istəmişdi. İlk “altılığ”a düşmək şansımız az da olsa, davam edirdi. Nəticənin ədalətli olduğunu düşünrəm”.

Komandasının transfer çalışmalarına da toxunana yığmanın sabiq müdafiəçisi səs-küylü transfer etməmələrinin normal olduğunu vurğulayıb: “Əgər ilk “altılığ”a düşmək şansımız yüksək olsaydı, rəhbərlik mütləq səs-küylü transferlər edərdi. Ancaq indi daha çox Premyer Liqadakı yerimizi qorumaq üçün mübarizə aparacağıq”.

Çempionatdakı yerlərini qoruyacaqlarına inanan Məmmədov təlaşa gərək görmür: “Premyer Liqadakı yerimizi qoruyacağıq. “Gəncə”nin aşağı dəstəyə düşməsi mümkün deyil”.