“Neftçi” - “Rid”: 100 min dollarlıq qalmaqal
14.02.2011 - 13:12
“Neftçi” - “Rid”: 100 min dollarlıq qalmaqal
Bolqarıstanlı keçmiş hakim Xristo Ristoskov gözlənilməz açıqlama ilə diqqət mərkəzinə düşüb. Apasport.az saytının məlumatına görə, FİFA referisi ona 2007-ci ildə avrokuboklarda idarə etdiyi oyunların birində lazımı nəticənin qazanılması üçün 100 min ABŞ dolları təklif edildiyini bildirib. Ristoskov vurğulayıb ki, həmin vaxt bundan dərhal imtina edib.

Söhbətin hansı oyundan getdiyini açıqlamayan hakim yalnız onu qeyd edib ki, hər şey köməkçiləri Veselin Mişevlə Yordan İvanova məlumdur. Mişev isə öz növbəsində bildirib ki, Ristoskova yalnız bir görüşdə - UEFA kubokunun seçmə mərhələsində Bakının “Neftçi” və Avstriyanın “Rid” klublarının oyununda kömək edib: “Ancaq mənə 100 min dollar haqda heç nə məlum deyil. “Neftçi” növbəti mərhələyə keçmək üçün həmin oyunda 2 top fərqi ilə qalib gəlməli idi. Onlar ilk hissədə 2 qol vura bilsələr də, fasilədən sonra qapılarından top buraxdılar. Kapitanları meydandan qovuldu. Onda baş hakimin işi yüksək qiymətləndirilmişdi”.

Ristoskov ötən ilin aprelində Bolqarıstan Futbol Assosiasiyası tərəfindən MOİK – “Slaviya” matçındakı səhvləri ucbatından 4 oyunluq cəzalandırılıb. O, 1 ay sonra - “Levski” – MOİK görüşünü idarə edəndən sonra evinin yaxınlığında üzlərinə maska geyən naməlum şəxslər tərəfindən döyülüb. Ristoskov 2006-cı ildə Avstriya çempionatını idarə etdiyindən, “Rid”lə həmin vaxt yaxından tanış olmaq imkanı qazanıb.

Qeyd edək ki, “Neftçi” “Rid”lə səfərdə keçirdiyi ilk oyunda 1:3 hesabi ilə uduzdu. Həmin vaxta yeganə qolumuzu hücumçu Samir Əliyev vurdu. Komandamız Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən cavab oyununun fasiləsinə müdafiəçi Rəşad Sadıqov və hücumçu Branimir Subaşiçin vurduğu qollarla 2:0 irəlidə yollanır. Ancaq “Neftçi” onu növbəti mərhələyə çıxaran bu üstünlüyünü ikinci hissədə qoruya bilmir. Bakılılar həm onu mübarizədən kənarlaşdıran qolu buraxır, həm də kapitanı Zaur Tağızadənin qırmızı vərəqə alaraq, meydandan qovulması ilə barışır. “Neftçi” sonda 2:1 hesabı ilə qalib gəlsə də, bu, mərhələ keçməyə imkan vermir.
0