“Suraxanı stadionu ilə bağlı AFFA-dan rəsmi məktub gözləyirik”
15.02.2011 - 17:59
“Suraxanı stadionu ilə bağlı AFFA-dan rəsmi məktub gözləyirik”
“Azərbaycan futbolu uğurla inkişaf yolunu davam etdirir. “Qarabağ” da bu inkişafa öz töhfəsini vermək istəyir. Komandamızın ən hazırlıqlı şəkildə güclü oynayıb, iddialı çıxışının davam etdirməsinin arzusundayıq”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Ağdamın “Qarabağ” klubunun vitse-prezidenti Tahir Gözəl bu gün keçirdikləri mətbuat konfransında deyib. Keçmiş futbolçuları, milli komandamızın kapitanı Rəşad Sadıqovun qayıdışının əsas təşəbbüskarı olan Gözəl cari mövsümdə uğurlu çıxış etmələri üçün heyətin gücləndirilməsini vacib sayır: “Komandamızda yeni futbolçular var və uyğunlaşma üçün vaxt lazımdır. Bu mənada yığmamızın təlim-məşq toplanışları zamanı çətinlik olsa da, milli komanda hamımız üçün qiymətlidir. Bu ilə inamla başladıq və inşallah, bunun davamını gəlməsini istəyirik. Hədəflərimiz böyükdür. Avroliqada son 2 ildəki uğurları təkrarlamaq fikrindəyik. Heyətimizi sabitləşdirib, gözəl oyunla azarkeşlərimizi sevindirməyə, matçlarımızda gözəl ab-hava yaratmağa çalışacağıq”.

Vitse-prezident baza, infrastrukturla bağlı görüləsi işlərinin hələ çox olduğundan, bu planda durumlarından razı deyil və tənqidləri haqlı sayır: “Bu işlərdə daha irəli getmək istəyirik. Ev oyunlarımızı keçdiyimiz Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunu almaq istəyirik. Bununla bağlı AFFA prezidenti Rövnəq Abdullayevə rəsmi müraciət etmişik. Bu arena Abdullayevin prezidenti olduğu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə məxsusdur. AFFA stadion məsələsində bizə çox dəstək verir. Suraxanı stadionunun bizə verilməsi ilə bağlı şifahi razılıq var. Sadəcə, bunu təsdiqləyən rəsmi məktubun bizə daxil olmasını gözləyirik. Bundan sonra orada yenidən qurma işlərinə başlamaq fikrindəyik. Əsas məsələ yaxşı şəraitin olmasıdır”.

Mehman SÜLEYMANOV