“Neftçi”nin ruhu
15.02.2011 - 22:57
“Neftçi”nin ruhu
“Hazırda liderliyimiz davam edir. İndi biz yalnız "Simurq"la qarşıdakı oyunu düşünürük. Rəqibimiz qış fasiləsində heyətinə təcrübəli futbolçular cəlb edib. Komandamız hər zaman qələbəyə oynayır. Bu, "Neftçi"nin ruhudur”. Apasport.az saytının xəbərinə görə, bunu “Neftçi” klubunun kapitanı Rail Məlikov deyib.

Millimizin də üzvü olan futbolçu klubun saytına açıqlamasında “Xəzər Lənkəran”la hesabat turunun bərabərliklə yekunlaşan matçı barədə də fikirlərini açıqlayıb: “Biz bu görüşdə yalnız qələbə qazanmaq üçün çıxmışdıq. Demək, bərabərlik bizim üçün yaxşı nəticə deyil. Çünki biz oynadığımız oyunla qələbəyə layiq idik. Matçda üstünlük bizim tərəfimizdə idi. Hər kəs gördü ki, "Neftçi" necə futbol oynayır. Klub rəhbərliyi matçı yüksək səviyyədə təşkil etmişdi. Oyuna diktə edən tərəf olaraq, bir neçə real qol vurmaq imkanı yaxaladıq. Hətta bir epizodda rəqibin qapısına penalti təyin edilməli idi. Ancaq nə etmək olar, bu futboldur. Təəssüflər olsun ki, rəqibi məyus edə bilmədik. Bu oyunda "ağ-qara"lı tərəfdarlar möhtəşəm idi. Onlara xüsusi təşəkkür düşür. Qoy gəlsinlər, bizi hər oyunda dəstəkləsinlər. Lənkəranlı fanatlara da oyuna böyük diqqət göstərdikləri üçün minnətdarlığımı bildirirəm. Mövsümün sonunda çempion olaraq, azarkeşlərimizi sevindirəcəyik".