Braziliyalı futbolçu 100-ə çatır, Sadıqovu qovurlar
16.02.2011 - 10:31
Braziliyalı futbolçu 100-ə çatır, Sadıqovu qovurlar
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən məhsuldar qapıçılarının siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, braziliyalı qapıçı Rojerio Seni 96-cı qolunu vurmaqla, liderliyini bir qədər də möhkəmlədib. Braziliyanın “San-Paulu” klubunun 38 yaşlı qapıçısı dünyada 100 ol vuran ilk qapıçı olmasına lap az qalıb.
Seni bunlardan 43-ü penaltidən, 53-ü oyundan vurub. Ən yaxın izləyicisi olan paraqvaylı Xose Luis Çilavertin həm hesabında 62 qol olması, həm də karyerasını bitirməsi Seninin rekordunun hələ uzun müddət əlçatmaz olduğunu deməyə əsas verir.

Braziliyalı qapıçının karyerasını davam etdirənlər arasında ən yaxın izləyicisi Rəşad Sadıqovun “Kayserispor”da komanda yoldaşı olmuş Dimitar İvankovdur. “Bursaspor” klubunun bolqar qapıçısı 40-cı qolunu vuraraq, siyahıda 5-dir.

Uzun müddətdir bu sıralamada ölkəmizin yeganə təmsilçisi olan Nizami Sadıqovun izləyicisi onu haqlamaqdadır. Bu, argentinalı qapıçı David Kristian Luççettidir. Vətənində “Banfeld” klubunda oynayan qapıçı 19-cu qolunu, özü də hamısı penaltidən vurub. Onun 21 qolla 14-cü olan həmyerlimizə çatmasına lap az qalıb.

Qeyd edək ki, qollarının hamısı “Turan”da vuran Sadıqov bunun 12-də penaltidən, 9-da oyun vəziyyətindən fərqlənib. 44 yaşlı veteran futbolçumuz cari mövsümdən Zaqatalanın “Simurq” klubunda qapıçılarla işləyən məşqçi vəzifəsində çalışır.
0