Tuyqun Nadirov: Bu, baş məşqçinin taktikasıdır
16.02.2011 - 11:29
Tuyqun Nadirov: Bu, baş məşqçinin taktikasıdır
“Sevindirici haldır ki, bizdə hər hansı legioner səviyyəsindən asılı olmayaraq, həm əsas komandaya həm də əvəzedici heyətə cəlb olunur. Digər komandalarda əvəzedici heyətə “cərimə batalyonu” kimi baxırlar. Ancaq bizdə elə deyil”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran” klubunun vitse-prezidenti Tuyqun Nadirov deyib.

Cənub təmsilçisinin qış fasiləsində transfer etdiyi 12 futbolçudan 8-i ötən tur “Neftçi” ilə səfər oyununda (0:0) iştirak etdi. Qalan 4 futbolçudan qvineyalı İbrahim Banqura , rumıniyalı Nikolae Muşat və Şəhriyar Xəlilov bir gün öncə əvəzedicilərin heyətində “Neftçi”yə 0:2 hesabı ilə uduzduqları görüşdə meydana çıxdılar.

Nadirov bildirib ki, legionerlərinin əvəzedici heyətdə yer alması həm gənclərin onlardan baxıb öyrənmək, həm də özlərinin oyun praktikası qazanması məqsədi daşıyır: “Biri var legioner 90 dəqiqə ehtiyat skamyada oturaraq, oynamasın, biri də var ki, formasını saxlayaraq, əvəzedicidə çıxış edir. Əlbəttə, bu işlər baş məşqçimiz Mirça Rednikin gəlişindən sonra oldu. Hər dəfə bunun şahidi olursunuz ki, əsas heyətin oyunçuları orda da oynayır, burda da. Bu, o demək deyil ki, kimsə zəifdir, kimsə güclüdür. Bu, sadəcə, baş məşqçinin taktikasıdır”.

Qeyd edək ki, yalnız ukraynalı qapıçı Yevgeni Kopil “Xəzər Lənkəran”la məşq etmədiyindən, ötən həftəsonu oynadılmadı.