“Gəlin, Azərbaycan yığması ilə oyunu unutmayaq”
16.02.2011 - 12:08
“Gəlin, Azərbaycan yığması ilə oyunu unutmayaq”
“Gəlin, Azərbaycan millisi ilə 2009-cu ildəki oyunu unutmayaq. Onda rəqibimiz heç kimin tanımadığı bir yığma idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri futzal üzrə Portuqaliya yığmasının kapitanı Arnaldo Pereyra deyib.

Avro-2012-nin seçmə oyunları ərəfəsində müsahibə verən futzalçı ötən qitə çempionatından sonra istənilən rəqibi qiymətləndirməli olduğunu düşünür: “Lakin biz onlarla matçda çətinliklə üzləşdik. Ən sonda hər ikimiz seçmə mərhələni keçdik. Macarıstandakı final mərhələsinin yarımfinalında isə yenə üz-üzə gəldik. Oyun ərzində onlar hesabda irəli olurdu. Lakin 3 qol vurub, yenə bərabərliyə nail olduq. Bir sözlə, istənilən rəqiblə ehtiyatlı olmaq lazımdır. Hər şey gözləmək olar”.

Qeyd edək ki, Azərbaycan və Portuqaliya milliləri Avro-2010-nun həm seçmə, həm final mərhələsində qarşılaşıblar. Hər 2 matç 3:3 hesabı ilə başa çatsa da, yarımfinalda penaltilər seriyası rəqibimizin xeyrinə olub.