“Neftçi”nin sabiq baş məşqçisi üçün maksimal vəzifə
16.02.2011 - 12:54
“Neftçi”nin sabiq baş məşqçisi üçün maksimal vəzifə
Bakının “Neftçi” klubunun sabiq baş məşqçisi Anatoli Demyanenko Özbəkistanda uğur qazanmaq istəyir. Apasport.az saytının məlumatına görə, 52 yaşlı ukraynalı mütəxəssis ötən ilin avqustundan çalışdırdığı Karşi şəhərinin “Nasaf” klubu ilə həm ölkə daxilində, həm də xaricində nəticə qazanmağa iddialıdır. Demyanenko ölkəmizdə qazana bilmədiyi çempionluğu Özbəkistanda əldə etmək istəyir: “Qarşımızda duran vəzifə maksimaldır. Əsas vəzifəmiz ölkə çempionu titulunu qazanmaqdır. Karşi şəhərinin klubu medal qazanıb və bu, bir neçə dəfə olub. Ona görə də azarkeşlər bizdən yalnız 1-ci yer gözləyirlər. Hərçənd Asiya Konfederasiyasının Kubokunda da uğurla çıxış etmək istəyirik. Bu, Avroliqanın analoqudur, nüfuzlu turnirdir”.

Qeyd edək ki, Demyanenko 2008-ci ilin yanvarından sentyabrına kimi “Neftçi”ni çalışdırıb. Çempionatımızın bürünc medalını qazanan ukraynalı avrokuboklarda (İntertoto kubokunda) 2 mərhələ keçən ilk məşqçimiz oldu. Milli komandamız Demyanenkonun çalışdığı Karşidə 2007-ci ilin fevralın 7-də Özbəkistan yığması ilə yoldaşlıq görüşündə qolsuz bərabərliyə qalıb.