Azərbaycanda “Pro” kateqoriyalı məşqçi kursları
16.02.2011 - 13:42
Azərbaycanda “Pro” kateqoriyalı məşqçi kursları
UEFA-nın Təhsil Şöbəsinin bu ilin əvvəlində keçirilən iclasında AFFA-ya “Pro” kateqoriyalı məşqçi kurslarının təşkil olunması hüququ verən qərar çıxarılıb. Apasport.az saytının məlumatına görə, AFFA 2008-ci ildən UEFA-nın Məşqçilər Konvensiyasına qoşularaq ölkəmizdə “C”, “B” və “A” kateqoriyalı məşqçi kurslarının keçirilməsi hüququnu qazanıb. Ötən müddət ərzində 300-dən artıq məşqçi bu kurslarda təhsil alaraq müxtəlif kateqoriyalara yiyələnib.

Bu sistemi davam etdirmək məqsədilə AFFA ölkəmizdə ilk dəfə olaraq “Pro” kateqoriyalı məşqçilər hazırlamaq üçün UEFA-ya müraciət etmişdi. Avropa futbol qurumunun Təhsil Şöbəsinin üzvü Daniel Rayser ötən ilin dekabrında Bakıya səfər edərək AFFA tərəfindən keçirilən məşqçi kurslarının fəaliyyəti ilə tanış olmuş, ölkəmizdə “Pro” kateqoriyalı kursların təşkil olunması ilə bağlı rəy hazırlamışdı. Beləliklə, UEFA-nın müvafiq qərarına uyğun olaraq, bu ildən etibarən ölkəmizdə AFFA tərəfindən UEFA-nın “Pro” kateqoriyalı məşqçi kursları təşkil olunacaq.

Mənbə: affa.az