“Dinamo”nun futbolçuları butsusuz qaldılar
16.02.2011 - 15:48
“Dinamo”nun futbolçuları butsusuz qaldılar
Avroliqanın 1/16 final mərhələsində “Beşiktaş”la qarşılaşacaq Kiyev “Dinamo”su xoşagəlməz halla üzləşib. Apasport.az saytının məlumatına görə, Türkiyəyə Malaqadakı təlim-məşq toplanışından birbaşa gələn ukraynalıların yükünün bir hissəsi yoxa çıxıb.

İtən əşyalar içərisində futbolçuların şəxsi çantaları və butsuları da olub. Bununla bağlı klub rəhbərliyi İspaniya aviaşirkətinə müraciət etsələr də, faydası olmayıb. Nəticədə çarəsiz qalan “Dinamo” İstanbuldan yeni butsular almaq məcburiyyətində qalıb. Lakin bu futbolçuların narazılığı ilə qarşılanıb.

Komandanın yarımmüdafiəçisi Oqnen Vukuyeviç bildirib ki, belə oyuna yeni butsularda çıxmaq problem yaradacaq: “Bu bizə çətin olacaq. Çünki yeni butslara öyrəşmək üçün vaxta ehtiyac var”.

Qeyd edək ki, “Beşiktaş” – “Dinamo” oyunu sabah keçiriləcək.