FİFA apasport.az-ın namizədini yaxın vaxtda dəstəkləyəcək
17.02.2011 - 13:11
FİFA apasport.az-ın namizədini yaxın vaxtda dəstəkləyəcək
FİFA 2012-ci ildə Azərbaycanda 17 yaşadək qızlardan ibarət milli komandalar (U-17) arasında dünya çempionatının final mərhələsinin talismanını yaxın zamanlarda açıqlayacaq. Apasport.az saytının məlumatına görə, FİFA-nın Yarışların Keçirilməsi Departamentinin mütəxəssisi Oliver Voqt bu gün Bakıda keçirilən mətbuat konfransında bu məsələ ilə bağlı müzakirələrin getdiyini bildirib: “Talismanla bağlı FİFA ilə AFFA arasında danışıqlar gedir və bu, bir neçə həftəyə yekunlaşacaq. Həmin vaxt çıxarılan qərarı diqqətinizə çatdıracağıq. Ancaq bunun dəqiq vaxtı ilə indidən bir şey deyə bilmərəm”.

DÇ-2012-nin yerli Təşkilat Komitəsinin sədri Elxan Məmmədov talismanla bağlı yalnız bir namizədin olduğunu söyləyib. Bu, apasport.az-ın hələ ötən ilin sonunda təklif etdiyi “Tıq-tıq xanım”dır. FİFA-nın bununla bağlı artıq gələn ay yekun verəcəyi gözlənilir.

Mehman SÜLEYMANOV