“Qalatasaray”da toplantı: Lazımınca rəzil olduq...
12.04.2011 - 12:56
“Qalatasaray”da toplantı: Lazımınca rəzil olduq...
Son vaxtlar uğursuz çıxışı ilə tənqid obyektinə çevrilən “Qalatasaray” klubunun yerli futbolçuları bir araya gəliblər. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, komandanın türkiyəli oyunçuları Superliqanın XXVIII turunda “Trabzonspor”a evdəki məğlubiyyətdən sonra toplantı keçiriblər. “Uğursuzluq zolağı”ndan çıxmağın yolların axtaran futbolçular fikir mübadiləsi aparıblar.

Toplantıda son nöqtəni kapitan Arda Turan qoyub: “Bəylər, lazımınca rəzil olduq. Bundan sonra əmr bizdədir. Biz nə desək, elə olacaq. Qarşıdakı 6 matçı da qazanacağıq. Bu hadisələrin içində olmaq utandırıcıdır. Buradan alnı açıq çıxmalıyıq. İndi bəzi qərarlar olacaq və mən də bunları komanda rəhbərliyinə çatdıracağam”.

Futbolçuların qəbul etdikləri bəzi qərarlar artıq Türkiyə mətbuatında da yer alıb:

1. Qarşılaşmalar öncəsi keçirilən hazırlıqlarda oyundankənar heç nə danışılmayacaq.

2. Məşqlərə məsuliyyət artırılacaq. Buna əhəmiyyət verməyənlər isə ağır cəzalandırılacaq.

3. Baş məşqçi Bülənt Ündərdən bu qərarlara tabe olmayanların heyətdən kənarlaşdırılması istənəcək.