“Barselona” Azərbaycan yığmasına qarşı 70 dəqiqə oynayacaq
12.04.2011 - 13:12
“Barselona” Azərbaycan yığmasına qarşı 70 dəqiqə oynayacaq
İtaliyanın Olbia şəhərində keçiriləcək ənənəvi beynəlxalq turnirin təqvimi açıqlanıb. Apasport.az saytının məlumatına görə, ardıcıl ikinci dəfə Sardiniya kubokuna qatılacaq 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının da qarşılaşmalarının vaxtı müəyyənləşib.

Aprelin 18-24-da baş tutacaq sayca 3-cü yarışın qrup mərhələsində İspaniyanın “Barselona” və İtaliyanın “Napoli” komandaları ilə mübarizə aparacaq Vəli Qasımovun yetirmələri elə ilk turda Kataloniya təmsilçisi ilə görüşəcək. Aprelin 19-da elə Olbia şəhərində baş tutacaq matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Ertəsi gün 2 tur oynanılacaq. Saat 13:00-da komandamız “Napoli” ilə, 21:00-da isə rəqiblərimiz bir-biri ilə qarşılaşacaq. Əsasnaməyə görə, qrup mərhələsinin bütün oyunları hər biri 35 dəqiqə olan, 2 hissədən ibarət olacaq.

Aprelin 21-də 1/4, 22-də 1/2 və 23-də final qarşılaşmaları keçiriləcək. Yığmamız 1-8-ci yerlər uğrunda mübarizə aparmaq üçün qrupda ilk 2 yerdən birini tutmalıdır. Bundan sonra uduzsa belə, sonadək oynamaq imkanı qazanacaq. Çünki təkcə 1-ci deyil, 3, 5 və 7-ci yerlər uğrunda mübarizə də davam etdiriləcək. Pley-off mərhələsinin görüşləri 35 deyil, 40 dəqiqəlik hissələrdən ibarət olacaq.

Qeyd edək ki, yığmamız qrup səddini aşsa, B qrupunun komandalarından biri ilə görüşəcək. Bu qrupda “Palermo” və “Olbia” (hər ikisi İtaliya), həmçinin “Şaxtyor” yer alıb.