Georgi Nikolov: Mən hakimlərə “sağ ol” deməmişəm
12.04.2011 - 15:19
Georgi Nikolov: Mən hakimlərə “sağ ol” deməmişəm
“Mən həyatımda heç vaxt hakimlikdən danışmamışdım. Buna ilk dəfədir məcbur oluram. Amma bir də onlar haqda danışmayacağam”. Bu sözləri apasport.az saytına açıqlamasında Bakının “İnter” klubunun prezidenti Georgi Nikolov deyib.

Nikolov bildirib ki, Premyer Liqanın XXVI turunun “Neftçi” ilə görüşündə üzləşdikləri hakim biabırçılıqlarını unuda bilmir: “Oyun vaxtı isti başla hər şeyi görmək olmur. Axı matç da sürətli keçir. Ertəsi gün oturub, bütün 90 dəqiqəni diqqətlə izlədim. Baş hakim Əfqan Həmzəyevin 1 deyil, çox sayda səhv etdiyinin şahidi oldum. 8-9-cu dəqiqədə Rövşən Əmiraslanovun zərbəsindən sonra “Neftçi”nin braziliyalı müdafiəçisi topu əlinin içi ilə qaytarır. Özü də cərimə meydanında! Amma hakimin fiti isə susur. Flavinyonun Despotovskini təpiklədiyi epizoda da Həmzəyev göz yumdu”.

Klub rəhbərinin fikrincə, Həmzəyevin idarəçiliyi təkcə “İnter”ə deyil, “Neftçi”yə də zərbə vurub: “Baş hakim tez-tez oyunu saxlayır, futbolçularla müzakirələr aparırdı. Bununla, tək bizə yox, rəqibə də mane olurdu. Bilirsiniz ki, “Neftçi” necə sürətli oyun nümayiş etdirir. Referi matçın belə axarda keçməsinə imkan vermirdi. Son dəqiqələrdəki qərarı isə absurd idi. Top futbolçumuzun qarnına dəymişdi. Ən qəribəsi isə gürcüstanlı Kaxaber Mjavanadzenin qarnından sıçrayan top yerə düşməmiş, hakim penalti verdi. İndi də İntizam Komitəsi onun səhvini aşkarlayıb, sarı vərəqəni ləğv edir”.

Nikolov Həmzəyevin yalanını da üzə çıxarıb. O, hakimin “İnter” rəhbərliyinin ona belə idarəçilik üçün təşəkkür etdiyini deməsinin həqiqətdən uzaq olduğunu bildirib: “Matçdan sonra hakimlərə yaxınlaşıb, əllərini sıxdım. Lakin mən onlara idarəçiliyinə görə, “sag ol” deməmişəm. Həmzəyev məndən təşəkkür sözləri eşitməyib”.

Qeyd edək ki, Həmzəyevin yanlış penalti qərarı “İnter”i qələbədən məhrum edib, “Neftçi”yə isə 1 xal qazandırıb.