“Qalatasaray”ın potensial prezidenti iddialı danışdı
12.04.2011 - 17:43
“Qalatasaray”ın potensial prezidenti iddialı danışdı
Mayın 14-də “Qalatasaray”da keçiriləcək prezident seçkilərində Ünal Aysal namizədliyini verdiyini rəsmən açıqlayıb. Apasport.az saytının məlumatına görə, 70 yaşlı iş adamı namizədliyini bu gün keçirilən mətbuat konfransında irəli sürüb.

O bildirib ki, komanda üçün əlindən gələn yaxşılıqların hamısını həyata keçirəcək: “Qalatasaray” dəyərimizdir. Hətta dünyanın ən yaxşı markalarından biridir. Bu, həqiqətdir. Biz 25 milyonluq azarkeşlərimizi sevindirməkdə davam etməliyik. Türkiyədə uğurlarımızı bizim üçün meyar olmalı deyil, Avropada da yaxşı çıxış etməliyik. Bunun üçün məqsədimiz də özünə güvənən, beynəlxalq aləmdə sayılan və peşəkarlardan təşkil edilən komanda yaratmaqdır. “Qalatasaray kimi şərəfli bir klubda prezident olmaq üçün namizədliyimi açıqlayıram”.

O, həmçinin “sarı-qırmızıları” “külündən” yaradacağını da deyib: “Klubu külündən quracağam. Heç kimi şübhəsi olmasın. “Qalatarasay” çox ağır bir “qəza” keçirib. Lakin bu əhəmiyyətli deyil. Bunu sübut edəcəyik və komandaya xeyir vermiş, burada yetişmiş gənc adların köməyindən istifadə edəcəyik. Düzdür, deyirlər Aysal 100 milyon dollarla gəlir. Bu günə qədər heç 1 namizəd barəsində belə deyilmədi. Mənim “Qalatasaray”ı satın almaq və öz mülkiyyətimə çevirmək fikrim yoxdur”.

Qeyd edək ki, Aysal həmçinin bu postu tutacağı halda rumın çalışdırıcı Mirça Luçeskunu da yenidən “Qalatasaray”a gətirəcəyini bildirib.