Rednikin bəyənmədiyi futbolçu Mənsimovdan kömək umur
12.04.2011 - 23:01
Rednikin bəyənmədiyi futbolçu Mənsimovdan kömək umur
“Yaşıl meydanlarda görünməməyim zədəmlə bağlıdır. Çalışıram ki, zədəmi tezliklə sağaldım”. Bu sözləri apasport.az saytına MOİK-in hücumçusu Xaqani Məmmədov deyib.

Qış fasiləsində “Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik tərəfindən transferə çıxarılan Məmmədov MOİK-ə keçsə də, yeni komandasının formasını geyinməyib. Halbuki futbolçu ən azı forması qorumaq üçün bunu etmək istəyirdi.

Hazırda başı zədəsini sağaltmağa qarışan Məmmədov öz həkimlərimizdən şəfa tapmayıb. Ona görə də hücumçu Türkiyəyə üz tutacaq: “Dizimdəki qığırdaqlar əzilib. İndi onları bərpa etməyə çalışıram. Bu zədə mənə “Xəzər Lənkəran” – “Simurq” oyunundan yadigar qalıb. Həmin vaxt “Xəzər Lənkəran” rəhbərliyi iki həftə Bakıdakı klinikalardan birində müalicə olunmağıma şərait yaratdı. Ancaq həkimlərimiz problemi yoluna qoya bilmədilər. Ona görə də Türkiyədəki həmyerlimiz olan Mehmet Binnətlə danışmışam. Gələn həftə ora getməliyəm. İndi “Xəzər Lənkəran”ın prezidenti Mais Mənsimovla görüşmək istəyirəm ki, onlar mənə kömək etsinlər”.

Hazırda günün əksər hissəsini evdə keçirən 35 yaşlı futbolçuya çox gəzmək məsləhət bilinmir. Ancaq istənilən halda, Xaqani MOİK-ə kömək edə bilməməsinə təəssüflənir: “MOİK yaxşı komadadır. Heyf ki, kömək edə bilmədim. Buna görə çox təəssüflənirəm. Görünür, qismət deyilmiş”.

Karyerasını bitirmək haqda düşünməyən təcrübəli futbolçu zədəsini sağaltdıqdan sonra yayda klublarımızdan biri ilə anlaşmaq istəyir: “Futbolçu karyeramı bitirmək istəmirəm. Yayda “Xəzər Lənkəran”la müqaviləm bitəcək. Komanda tapıb, çıxışımı davam etdirmək istəyirəm. Hər şey qismətdən asılıdır”.