Möcüzəyə ümid var!
13.04.2011 - 00:02
Möcüzəyə ümid var!
Bu axşam Çempionlar Liqasında 1/4 final mərhələsində keçiriləcək hər iki qarşılaşma çoxları tərəfindən formal görünə bilər. Apasport.az saytının xəbərinə görə, səfərdə "İnter"i 5:2 məğlub edən "Şalke" və evdə "Tottenhem"i 4:0 məğlub edən "Real" cavab oyununa çox rahat çıxacaq.

Amma tarix göstərir ki, "Şalke" və "Real" yarımfinala çıxmaq üçün bu gecə var gücü ilə oynamalıdır. Avrokuboklarda 3, hətta 4 topluq üstünlük belə cavab oyununda heçə endirilə bilir.

"Liverpul" 2005-ci ildəki finalda 0:3 hesabının bir 45 dəqiqədə necə yox edilə biləcəyini hər kəsə göstərmişdi. Bu yazıda isə tarix boyu ÇL-də baş verən analoji halları nəzərdən keçirəcəyik.

23.03.2004: "Milan" - "Deportivo" 4:1
07.04.2004: "Deportivo" - "Milan" 4:0


İndi "Deportivo"nun oyunun seyr etmək insana zövq verməyə bilər, amma 2004-cü ildə "Super Depor" deyə xatırlanan bir komanda idi. "Milan" bunu 1/4 finalda öyrəndi.
"Rossonyerlər" ilk matçdakı 4:1-lik üstünlüyə görə çox rahat idi. Amma Valter Pandianinin erkən qolu bu rahatlığı kabusa çevirdi. İspanlar bu qoldan sonra daha 3 cavabsız top vurmaqla tarixi zəfərə imza atdı. La koruniyalılar ümumi hesabda 5:4 üstünlüklə yarımfinala adını yazdıran tərəf oldu.

06.08.1988: "Dinamo" (Berlin) - "Verder" 3:0
11.10.1988: "Verder" - "Dinamo" (Berlin) 5:0


1988-ci ildə Almaniyada siyasi proseslərin qaynadığı bir vaxtda Şərqi və Qərbi Almaniya təmsilçiləri bir beynəlxalq turnirdə üz-üzə gəlmişdi. Birinci oyunda Qərb təmsilçisi böyük hesabla məğlub olsa da, cavab matçında 3-ün üstünə 2 də qoyub sensasiya etdilər. "Musiqiçilər" Berlin divarının bu tayında keçirilən görüşün birinci hissəsində heç də aktiv olmamışdı. Fasiləyə qədər cəmi 1 dəfə fərqlənən "Verder" futbolçuları fasilədən sonra 4 qol vurmağı bacarmışdı. Həmin hadisədən bir mövsüm əvvəl UEFA kubokunda Moskva "Spartak"ına qarşı da bənzər bir nəticə əldə edən "Verder" bundan sonra təhlükəli komanda olaraq şöhrət salmışdı. Artıq hər kəs onları "Vesser möcüzəsi" kimi tanıyırdı.

22.10.1975: "Derbi Kaunti" - "Real" 4:1
05.11.1975: "Real" - "Derbi Kaunti" 5:1


1975-76 mövsümü geridən gələrək qazanma baxımından möcüzəvi bir mövsüm oldu. İlk oyunda ikisi penaltidən olmaqla Çarli Corcun vurduğu üç qol ingilis komandasının 4:1-lik qələbəsində böyük rol oynamışdı. Ancaq sözsüz ki, bu hesab madridliləri turdan imtina etdirməyə bəs etməyəcəkdi. İspaniyadakı matçda Roberto Martinezin 3-cü dəqiqədəki qolu elə birinci hissənin də hesabı oldu. "Real" turu keçmək üçün qalan 45 dəqiqədə 3 cavabsız qol vurmalı idi və bu çox çətin görünürdü. Amma Martinez ikinci hissə başlayan kimi dərhal növbəti qolunu vurdu. Bir neçə dəqiqə sonra isə üçüncü qol gəldi. Daha sonra "Derbi Kaunti" Corc ilə ümidləri söndürsə də, ispanlar daha bir qol vuraraq matçın taleyini əlavə vaxta daşıdı. Bu zaman Santilyananın vurduğu 5-ci top "Real"a mərhələ adladan keçirən qol oldu.

Tarixin təkrarlanıb-təkrarlanmayacağını axşam görəcəyik. Amma hər halda "Real" və "Şalke" işi şansa buraxmamalıdı. "Tottenhem" ən azı 4 cavabsız qol vurub matçı penaltilərə daşımalı, ya da 5 qolla işi 90 dəqiqənin sonunda həll etməlidi. "İnter"in də taleyi fərqli deyil. Onlar isə yarımfinala çıxmaq üçün rəqib meydanında 4 top fərqi ilə qalib gəlməlidi. Əslində, "Tottenhem"i başa düşmək olar. ÇL-də ilk dəfə iştirak edir, qarşısına da "Real" kimi rəqib çıxıb. Bəs "İnter"ə nə olmuşdu? Öz evində 5 qol "yemək" turnirin son çempionu üçün əsl biabırçılıqdı. Düzdü, bunları demək asan gəlir. Amma günahkarı axtarsaq, yenə də gəlib çıxırıq "Tottenhem" və "İnter"in üstünə: birinci oyunda 4-5 top buraxmayaydın, indi də möcüzələrə ümid bəsləməyəydin.

Amin