Mahir Şükürov: Karyeramda yeni səhifə açıram
12.04.2011 - 23:22
Mahir Şükürov: Karyeramda yeni səhifə açıram
“Karyeramda yeni səhifə açıram. İnanıram ki, bacarığımla “Qəbələ”yə kömək edəcəm”. Apasport.az saytının xəbərinə görə, bunu milli komandamızın futbolçusu Mahir Şükürov deyib.
Bu gün “Qəbələ” klubu ilə müqavilə bağlayacaq müdafiəçi yeni komandasına keçidi barədə danışıb: “Toni Adams əl çəkmədi. İngilis mütəxəssis məni israrla sərəncamında görmək istəyirdi. Onunla görüşümüz oldu. Mənə gələcək planlarından bəhs etdi. Adamsın məşqçiliyi bir yana, insanlığına da söz ola bilməz. Çox güclü psixoloqdur. Futbolçu ilə əla ünsiyyət qurur”.

Şükürov penalti.az saytına bildirib ki, Adams ona komandanın planları haqda məlumat verib: “O mənə komandanın gələn mövsüm avrokuboklara oynayacağını bildirdi. Mənə də öz təcrübəmlə böyük hədəflərə çatmaqda ona kömək etməyimi istədi. 2 illik müqavilə bağlanacaq. Ancaq ümid edirəm ki, əməkdaşlığımız uzun illəri əhatə edəcək”