“Bu söz-söhbətlərin haradan çıxdığını bilmirəm”
13.04.2011 - 09:45
“Bu söz-söhbətlərin haradan çıxdığını bilmirəm”
“Mənim “Simurq”dan ayrılmağım doğru deyil. Komandadan necə getmişəm ki, dünən məşqə çıxmışam, indi də düşərgədəyəm”. Bu fikirləri apasport.az saytına açıqlamasında Zaqatalanın “Simurq” klubunun kapitanı Samir Əliyev deyib. Ötən tur evdə MOİK-ə məğlubiyyətdən (1:2) sonra Premyer Liqada yerini itirməsi demək olar şübhə doğurmayan “Simurq”u təcrübəli futbolçuları, yəni Samirlə yanaşı, Emin Quliyev və braziliyalı Mario Souzanın tərk etdiyi deyilir. Ancaq Samirin sözlərinə görə, mövsüm bitməmiş komandadan getmək fikri yoxdur: “Simurq”la müqaviləm var. 2 ayımız, 6 oyunumuz qalıb. Onu da oynayaq, sonra. Zədəm də sağalıb, komanda ilə məşq etmişəm. Bütün futbolçularımızla birgə hazırlıq keçirik. Mən bilmirəm, getməklə bağlı söz-söhbətlər haradan çıxır?”.

Samirin onu ötən yay “Simurq”a keçidində böyük rolu olan makedoniyalı baş məşqçisi Qyoko Hacıyevski ilə yola getmədiyi deyilsə də, futbolçu bunun da düz olmadığını bildirib: “Hacıyevski ilə münasibətlərim normaldır. Aramızda heç bir problem yoxdur. Niyə pis olmalıdır ki? Mənim ümumiyyətlə, heç kimlə problemim yoxdur, olmayıb da. Klub rəhbərliyi futbolçularla münasibətlərində üzərinə düşən öhdəçilikləri yerinə yetirir, maaşlarımız verilir”.

Mehman SÜLEYMANOV