Azərbaycanlı futbolçu Roberto Karlosun “Bugatti”sini ala bilmədi
13.04.2011 - 10:18
Azərbaycanlı futbolçu Roberto Karlosun “Bugatti”sini ala bilmədi
Rusiyanın “Anji” klubunun dünya şöhrətli futbolçusu Roberto Karlos ad günündə çox bahalı hədiyyə alıb. Apasport.az saytının məlumatına görə, klubun milyarder sahibi olan Süleyman Kərimov 38 yaşı tamam olan kapitanına “Bugatti Veyron” markalı Fransa avtomobilinin eksklüziv növünü bağışlayıb. Qiyməti 2 milyon dollardan artıq olan maşın Karlosu “Metropol” otelinin dayanacağında gözləyirdi və ad günü də məhz orada qeyd olunurdu.

Tədbirdə təbrik çıxışını edən Kərimov braziliyalıya “Bugatti”nin oyuncağı olan modelini kiçik qutuda hədiyyə edib. Sahibkar bundan sonra deyib ki, suvenirinin tam belə nüsxəsi, ancaq əsl ölçülərdə Karlosu otelin yaxınlığında küçədə gözləyir. Bu xəbərdən şoka düşən əfsanəvi futbolçu eşitdiklərinə şəxsən şahid olmaq istəyir. Roberto oteldən çıxaraq, hədiyyəsini tapanda xoşbəxtliyinə inanıb.

“Anji”nin sahibi digər futbolçularını diqqətdən kənarda qoymayıb. Kərimov komandaya söz verib ki, qarşıdakı 4 ildə Rusiya çempionu titulunu qazana bilsələr, belə avtomobil hər futbolçunun qarajında olacaq. Ancaq milli komandamızın futbolçusu Mahir Şükürov yaxında “Anji”dən getdiyindən, rusiyalı milyarderin səxavətini görə bilməyəcək.

Qeyd edək ki, millimizin sabiq çalışdırıcısı Vaqif Sadıqov bu ildən “Anji”nin məşqçisidir.