Mahir Şükürov: “Qəbələ” klubuna keçidimi irəliyə doğru addım sayıram
13.04.2011 - 13:56
Mahir Şükürov: “Qəbələ” klubuna keçidimi irəliyə doğru addım sayıram
“Qəbələ” ilə danışığımız millimizin heyətində Belçikaya gedəndə olmuşdu. Brüsseldən qayıdandan sonra söhbətimiz konkretləşdi. Baş məşqçi Toni Adams məni sərəncamında görmək istəyirdi. Mən də təklifi müsbət cavablandırdım”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Qəbələ” klubunun yeni transferi Mahir Şükürov deyib.

Millimizin üzvü olan 29 yaşlı futbolçu Rusiyanın “Anji” klubundan gedəndən az sonra özünə yeni komanda tapdı. Bir illik fasilədən sonra karyerasını yenidən vətəndə davam etdirəcək Mahir seçimindən razıdır: “Qəbələ”də futbol üçün hər cür şərait yaradılıb. Buna görə klub rəhbərliyinə “sağ ol” deyirəm. “Qəbələ” ilə danışığımız dünən yekunlaşdı və 2 illik müqavilə imzalamışam. Yeni klubuma canla-başla kömək etməyə hazıram. “Qəbələ” inkişafda olan klubdur, növbəti mövsümdə mükafatlar uğrunda mübarizə aparacaq. Mən də buna öz töhfəmi vermək, yeni komandama kömək etmək istəyirəm. Hesab etmirəm ki, indidən müqavilə bağlamaqda tələsmişəm. Adams kimi tanınmış mütəxəssisin rəhbərliyi altında oynamaq mənim üçün şərəflidir. Konkret müqavilə təklif etdilər və mən də bunu dəyərləndirdim. İnşallah, hər şey yaxşı olar”.

Şükürov adının hallandığı “Neftçi”, Türkiyənin “Samsunspor” və Rusiya “Volqa” klubları ilə bağlı məsələyə də aydınlıq gətirdi: “Neftçi” ilə danışığımız olmamışdı. Sadəcə, millimizin baş məşqçisi Berti Foqtsun istəyi ilə orada məşq etdim. Sağ olsun “Neftçi” rəhbərliyi, buna şərait yaratdı. Qışda “Volqa” məni heyətində görmək istəyirdi, danışığımız olmuşdu. Məni “Anji”yə gətirmiş Omari Tetradzenin rəhbərliyi altında oynamaq istəyirdim. Ancaq “Anji” ilə müqaviləm vardı, məni buraxmadılar. Elə elədilər ki, “Volqa”ya keçidim alınmadı. Deyəsən, mənə görə çox pul istəmişdilər. “Samsunspor”la danışmamışdım. Ancaq bilirdim ki, oradan təklif var”.

Sağ cinah oyunçusu “Qəbələ”yə keçidini karyerasında geriyə doğru addım saymır: “Əksinə, bu, irəliyə doğru addımdır. Karyeramda yeni səhifə açıram. Qəbələdə futbolun inkişafı göz qabağındadır və istəyirəm ki, bunda mənim də əməyim olsun. Açığı, karyeramı əyalətdə davam etdirməyi, şəhərdən uzaqda oynamağı istədim. Qəbələ də Azərbaycanda ən gözəl bölgələrimizdəndir. Buna görə də ora uyğunlaşma, gedişlə-gəlişlə bağlı problem görmürəm. “Qəbələ”nin cari mövsümdə oyununu yalnız televiziyadan izləmişəm. Növbəti turda “Simurq”la ev oyunlarını izləməyə gedəcəyəm. Hələ ki yeni komandamın oyunu, mövqeyimdə oynayan futbolçu haqda danışmaq çətindir. Buna baş məşqçimiz daha yaxşı bilər. Adams məni dəvət edibsə, yəqin ki, mənə ehtiyacı var”.

Qeyd edək ki, Adams mətbuat konfransının sonunda Şükürova “Qəbələ”nin formasını təqdim edərək, xatirə şəkli çəkdirdi. Mahir daha çox daşıdığı 4 nömrəyə yeni komandasında da sahib çıxacaq.

Mehman SÜLEYMANOV