Ruslan Abışov: Məni başqa məqsədlə axtaranlar da var
13.04.2011 - 23:01
Ruslan Abışov: Məni başqa məqsədlə axtaranlar da var
“Şou-bizneslə bağlı yeni təklif almamışam. Bu söhbət artıq bağlanıb. Bütün diqqətimi qarşıdakı 6 oyuna yönəltmişəm. Məqsədimiz çempion olmaqdır və istəyimizə yaxınlaşmışıq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Neftçi”nin müdafiəçisi Ruslan Abışov deyib.

Bir müddət əvvəl müğənni Sevda Yəhyayeva ilə klipə çəkilən futbolçu bununla da ölkəmizdə ilkə imza atmış oldu. Çünki buna qədər heç bir futbolçumuz hansısa müğənni ilə klipə çəkilməmişdi.

İlk işinin uğurlu alındığını deyən Abışov bunu gələn zənglərdən anlayıb: “Çoxlu zənglər oldu. Artıq bezmişdim. Təbrik edənlər də olurdu, başqa məqsəd üçün zəng vuranlar da”.

Bundan sonra yığmanın da formasını geyinən futbolçu adekvat addım atıb. Belə ki, gələn zənglərdən yaxasını qurtarmaq üçün telefon nömrəsini dəyişməli olub: “Buna görə də telefon nömrəmi dəyişməli oldum. Başqa cür onlardan qaçmaq mümkün deyil”.

Futbolçu gələcəkdə yeni təkliflər alacağı təqdirə dəyərləndirə biləcəyini də istisna etməyib: “Bu dəqiqə nəsə deyə bilmərəm. Allahın işidir, gələcəkdə təklif alsam, fikirləşərəm. İndiki məqamda isə bu sahəyə diqqət artırmaq haqda düşünmürəm”.